2026-cı ilin oktyabr ayında daşınmaz əmlak bazarında mənzillərin satış qiymətlərində fərqli dinamika müşahidə olunub.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) açıqladığı aylıq təhlilə əsasən, yeni tikili mənzillərin median satış qiyməti 2 888,9 manat/kvadratmetr təşkil edib. Bu seqment üzrə AQP indeksi sentyabr ayı ilə müqayisədə 1,4% artaraq 109,4-ə yüksəlib. Dekabr 2025-ci ilin baza dövrü ilə müqayisədə isə qiymət artımı 9,4% olub.
Yeni tikili mənzillər üzrə median ümumi satış təklifi 275 min manat təşkil edib.
Köhnə tikili mənzillərdə isə qiymətlər əsasən sabit qalıb. Hesabat dövründə bu seqment üzrə median satış qiyməti 2 692,3 manat/kvadratmetr, AQP indeksi isə 106,8 olub. Aylıq qiymət dəyişikliyi cəmi 0,04% təşkil edib. Bununla belə, baza dövrü ilə müqayisədə köhnə tikililərin qiymət səviyyəsi 6,8% yüksəkdir. Median ümumi satış təklifi 179 min manat qeydə alınıb.
Mənzillərin kirayə bazarında isə sentyabr ayındakı artımdan sonra 1,8%-lik azalma baş verib. Yeni tikililərdə median aylıq kirayə qiyməti 10,83 manat/kvadratmetr, köhnə tikililərdə isə 10,63 manat/kvadratmetr təşkil edib.
Median aylıq kirayə haqqı yeni tikililərdə 1 000 manat, köhnə tikililərdə 700 manat olub.
Beləliklə, oktyabr ayında mənzillərin satışında artım əsasən yeni tikililər hesabına formalaşıb, köhnə tikililərdə isə qiymət sabitliyi qorunub. Kirayə bazarında hər iki seqment üzrə mülayim ucuzlaşma qeydə alınıb.