Azərbaycanda torpaq və qarajların qiyməti kəskin artıb

Azərbaycanda torpaq və qarajların

2026-cı ilin oktyabr ayında daşınmaz əmlak bazarının bəzi seqmentlərində nəzərəçarpan qiymət artımları qeydə alınıb. Xüsusilə torpaq sahələrinin və qarajların satış və icarə bazarında yüksəliş diqqət çəkib.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) aylıq təhlilinə əsasən, oktyabrda torpaq sahələrinin median təklif qiyməti 16 250 manat/sot təşkil edib. Bu seqment üzrə AQP indeksi 121,9-a yüksəlib. Sentyabrla müqayisədə artım 2,2%, aprel 2026-cı ilin baza dövrü ilə müqayisədə isə 21,9% olub.

Qarajların satış bazarında da yüksək artım müşahidə edilib. Oktyabrda median satış qiyməti 1 400 manat/kvadratmetr, ümumi median satış təklifi isə 33 min manat təşkil edib. Median sahə 21,3 kvadratmetr olub. AQP indeksi sentyabrla müqayisədə 16,7% artaraq 109,5-ə çatıb.

Qarajların icarəsində artım daha yüksək olub. Median icarə qiyməti 10 manat/kvadratmetr, median aylıq icarə haqqı isə 200 manat təşkil edib. İndeks 149,9 səviyyəsinə yüksələrək aylıq 20% artım göstərib. İyul 2026-cı ilin baza dövrü ilə müqayisədə yüksəliş 49,9% olub.

Palata bununla belə, qaraj bazarı üzrə nəticələrin ehtiyatla qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Belə ki, icarə göstəricisi cəmi 43 elan əsasında hesablanıb və ərazi, sahə, parkinq xüsusiyyətləri kimi amillərdən ciddi şəkildə təsirlənə bilər.

AQP torpaq sahələrinin qiymətində isə yerləşmə, təyinat, kommunal və nəqliyyat infrastrukturu, sahənin ölçüsü və sənədləşmə vəziyyətinin əsas rol oynadığını bildirir.

Qeyd edək ki, ümumi bazar indeksindəki dəyişikliklər ayrı-ayrı torpaq sahələrinin və qarajların real bazar dəyərinin eyni nisbətdə dəyişməsi kimi qəbul edilməməlidir.