ABŞ-da keçirilən aralıq seçkilərdə demokratların qələbəsindən sonra riskli aktivlərə marağın artması Bitcoin-in qiymətinə də müsbət təsir göstərib. Dünyanın ən böyük kriptovalyutası çərşənbə axşamı gecə saatlarında başlayan bahalaşmanı davam etdirərək yenidən 80 min dollar həddini keçib.
Bakı vaxtı ilə saat 09:40-a olan məlumata görə, Bitcoin-in qiyməti 3,6% artaraq 80 543,2 dollara yüksəlib. Bununla da kriptovalyuta həftənin əvvəlində təxminən 75 min dollara qədər geriləməsini kompensasiya edib. Digər rəqəmsal aktivlərin qiymətlərində də bərpa qeydə alınıb.
Bununla belə, Bitcoin hələ də son dövrün ən yüksək qiymət səviyyələrindən xeyli aşağıda ticarət olunur. İnvestorların əsas narahatlıqlarından biri demokratların Konqresə nəzarəti ələ alması fonunda ABŞ-da kriptovalyuta sektorunun tənzimlənməsi perspektivləridir. Demokratlar ənənəvi olaraq kriptovalyuta bazarına nəzarətin gücləndirilməsini dəstəkləyirlər.
Dolların zəifləməsi və ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliliyinin azalması da kriptovalyutalara dəstək verən amillər sırasında olub. Eyni zamanda, Konqresin İranla münaqişənin sona çatdırılması üçün Ağ Evə təzyiq göstərə biləcəyinə dair gözləntilər neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub. Bu amillərin məcmusu riskli aktivlərə marağın artmasına və kriptovalyuta bazarında qiymətlərin bərpasına şərait yaradıb.
MONETAR.AZ