Demokratlar Konqresi ələ keçirsə, ABŞ iqtisadiyyatını nə gözləyir?

Demokratlar Konqresi ələ keçirsə,

ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər 2 palatasında çoxluq əldə etməsi prezident Donald Trampın növbəti 2 ildə siyasi imkanlarını məhdudlaşdıra bilər. Bu ssenari ölkənin daxili siyasəti ilə yanaşı, büdcə xərclərinə, dövlət borcuna, enerji bazarına və texnologiya sektoruna da təsir göstərə bilər.

Demokratların hər iki palatada üstünlük qazanması “mavi dalğa” ssenarisinin reallaşması deməkdir. Bu halda demokratlar qanunvericilik təşəbbüsləri, büdcə müzakirələri, parlament araşdırmaları və yüksək vəzifələrə təyinatlar üzərində daha böyük təsir imkanları əldə edə bilərlər. Bununla belə, onların prezidentin vetosunu aşmaq və öz qanun layihələrini müstəqil şəkildə qəbul etdirmək üçün kifayət qədər səsə malik olması gözlənilmir.

Seçkilərin nəticələri ABŞ-də siyasi qarşıdurmanın güclənməsi riskini də artırır. Konqreslə Ağ Ev arasında büdcə, dövlət borcunun yuxarı həddi və dövlət xərcləri ilə bağlı fikir ayrılıqları uzunmüddətli hökumət fəaliyyətinin dayanmasına səbəb ola bilər. Bu isə iqtisadi artımı zəiflədə, ölkənin kredit reytinqinə təzyiq göstərə və maliyyə bazarlarında dəyişkənliyi artıra bilər.

Demokratların qələbəsindən ABŞ iqtisadiyyatının bəzi sektorlarının faydalana biləcəyi, digərlərinin isə təzyiqlə üzləşəcəyi gözlənilir. Bərpaolunan enerji, səhiyyə və mənzil tikintisi potensial benefisiarlar arasında göstərilir. Süni intellekt və texnologiya, müdafiə sənayesi və maliyyə sektorunda isə tənzimləmələrin sərtləşməsi riski var.

Demokratların gündəliyində iri şirkətlərin və yüksək gəlirli şəxslərin vergilərinin artırılması, işləyən ailələr üçün vergi yükünün azaldılması, səhiyyə xərclərinin genişləndirilməsi və Ukraynaya yardım paketinin təşviqi kimi məsələlər də yer alır. Partiya, həmçinin ABŞ administrasiyasının gömrük rüsumları tətbiq etmək imkanlarının məhdudlaşdırılmasını və süni intellekt sektoruna daha ciddi nəzarəti dəstəkləyir.

ABŞ-nin dövlət borcu ilə bağlı risklər diqqət çəkir. Hazırda ölkənin dövlət borcunun yuxarı həddi 41,1 trilyon dollar təşkil edir, avqust ayında isə borcun ümumi həcmi 40 trilyon dolları keçib. Fitch Ratings-in proqnozuna əsasən, ABŞ-də dövlət sektorunun ümumi büdcə kəsiri 2026-cı ildə ÜDM-in 7,5 faizinə, 2027-ci ildə isə 7,6 faizinə çata bilər. Agentlik borc limitinin 2027-ci ilin birinci rübündə tükənə biləcəyini də istisna etmir.

ABŞ-də siyasi dəyişikliklərin dünya iqtisadiyyatına təsiri də diqqət mərkəzindədir. Xüsusilə enerji qiymətləri, inflyasiya, ticarət rüsumları, sanksiyalar və süni intellekt sahəsində tənzimləmələr əsas risk istiqamətləri kimi qiymətləndirilir. Yaxın Şərqdə münaqişələrin daha tez başa çatması neft və yanacaq qiymətlərini aşağı sala, bununla da qlobal inflyasiya təzyiqini zəiflədə bilər.

ABŞ-də siyasi qüvvələr balansının dəyişməsi Rusiya üçün də əhəmiyyətli nəticələr doğura bilər. Demokratların Ukraynaya hərbi dəstəyin artırılmasını və Rusiyaya qarşı mövcud sanksiyaların icrasına daha ciddi nəzarəti gündəmə gətirə biləcəyi bildirilir.

Qeyd edək ki, ABŞ-də Konqresə aralıq seçkiləri noyabrın 3-də keçirilib. Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 100 üzvündən 35-i seçkilərdə iştirak edib. Yeni Konqresin fəaliyyətə 2027-ci il yanvarın 3-də başlaması nəzərdə tutulur.

Monetar.az