Azərbaycanda yeni tikili mənzillərin satış qiymətlərində artım davam edir. 2026-cı ilin oktyabr ayında bu mənzillər üzrə median qiymət 1 kvadratmetr üçün 2 888,9 manat təşkil edib.
Monetar.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının oktyabr ayı üzrə daşınmaz əmlak bazarına dair təhlilinə əsasən, yeni tikili mənzillərin qiymət indeksi sentyabr ayı ilə müqayisədə 1,4% artaraq 109,4-ə yüksəlib.
2025-ci ilin dekabr ayı ilə müqayisədə isə qiymət artımı 9,4% təşkil edib. Yeni tikili mənzillər üzrə median ümumi satış təklifi 275 min manat olub.
Köhnə tikili mənzillərdə isə qiymətlər əsasən sabit qalıb. Bu seqmentdə 1 kvadratmetrin median satış qiyməti 2 692,3 manat təşkil edib. Aylıq artım cəmi 0,04% olub.
Bununla belə, köhnə tikili mənzillərin qiymətləri 2025-ci ilin dekabr ayı ilə müqayisədə 6,8% yüksəkdir. Bu mənzillər üzrə median ümumi satış təklifi 179 min manat təşkil edib.
Satış bazarından fərqli olaraq, mənzillərin kirayə qiymətlərində oktyabr ayında ucuzlaşma müşahidə edilib.
Yeni tikili mənzillərdə median aylıq kirayə qiyməti 10,83 manat/kvadratmetr, köhnə tikililərdə isə 10,63 manat/kvadratmetr olub. Hər iki seqmentdə aylıq azalma 1,8% təşkil edib.
Median aylıq kirayə haqqı yeni tikililərdə 1 000 manat, köhnə tikililərdə isə 700 manat səviyyəsində qərarlaşıb.