Neft bir gündə 8 faizə yaxın ucuzlaşdı - Brent 95 dollara düşdü

Neft bir gündə 8 faizə yaxın ucuzlaşdı -

Dünya bazarında neft qiymətləri noyabrın 4-də kəskin geriləyib. Brent markalı neftin bir barelinin qiyməti 96 dollardan aşağı düşüb.

Monetar.az xəbər verir ki, Trading Economics-in məlumatına görə, Brent neftinin qiyməti gün ərzində 7,8% azalaraq 95,54 dollar təşkil edib. ABŞ-nin WTI markalı xam nefti isə 7,6% ucuzlaşaraq bir barel üçün 88,81 dollara enib.

Qiymətlərin enməsinə ABŞ və İran arasında diplomatik danışıqların mümkün nəticələri ilə bağlı gözləntilər təsir göstərib. Hörmüz boğazında neft tədarükünün normallaşa biləcəyi ehtimalı da bazardakı gərginliyi azaldıb.

ABŞ Prezidenti Donald Trampın İrana qarşı yaxın vaxtlarda hərbi zərbə endirmək planının olmadığını bildirməsi investorların geosiyasi risklərlə bağlı narahatlığını zəiflədib.

Bununla belə, neft bazarında tədarükün gələcək vəziyyəti və regiondakı geosiyasi proseslərlə bağlı qeyri-müəyyənlik qalır.