Dünyanın iqtisadi baxımdan ən çətin vəziyyətdə olan ölkələrinin reytinqi açıqlanıb. Siyahıda Venesuela ilk sırada qərarlaşıb, Türkiyə isə üçüncü yeri tutub. Ən aşağı göstəricilər Tayvan, Sinqapur və Tailandda qeydə alınıb.
Monetar.az xəbər verir ki, “Hanke Annual Misery Index” reytinqinə əsaslanan araşdırmada 178 ölkənin iqtisadi vəziyyəti inflyasiya, işsizlik, bank kreditləri üzrə faiz dərəcələri və adambaşına düşən real ÜDM-in artımı əsasında qiymətləndirilib.
Reytinqdə Venesuela 556,5 balla birinci olub. Ölkədə 2025-ci ildə istehlak qiymətlərinin 475,3% artması və işsizlik səviyyəsinin 35,1% təşkil etməsi bu nəticəyə təsir edən əsas amillərdir. İkinci yerdə 225,4 balla Sudan qərarlaşıb.
Türkiyə 101 balla üçüncü, İran 95,9 balla dördüncü, Argentina isə 88,4 balla beşinci yeri tutub. İlk onluğa, həmçinin Esvatini, Cənubi Afrika, Malavi, Madaqaskar və Livan daxil olub.
Ölkələrin reytinqdəki mövqeyinə təsir edən əsas amillər fərqlənir. Türkiyə və Braziliyada bank kreditləri üzrə yüksək faiz dərəcələri, Venesuela, Sudan, İran və Argentinada inflyasiya, Cənubi Afrika və Esvatinidə isə işsizlik əsas problem kimi önə çıxıb.
Azərbaycan 30 balla reytinqdə yer alıb. Ölkədə indeksə ən çox təsir edən amil bank kreditləri üzrə faiz dərəcələri olub.
Ümumilikdə, 178 ölkənin 105-də indeksə ən çox təsir edən amil kredit faizləri olub. 54 ölkədə işsizlik, 19 ölkədə isə inflyasiya əsas təsiredici amil kimi müəyyənləşdirilib.
Reytinqin digər ucunda Tayvan 2,1 balla ən aşağı göstəriciyə sahib olub. Sinqapur 2,6 balla ikinci, Tailand isə 3,1 balla üçüncü yerdə qərarlaşıb. İrlandiya 5,3, Kot-d'İvuar 6,3, Makao isə 6,7 balla bu ölkələri izləyib.
ABŞ reytinqdə 17 balla 119-cu, Kanada 20,1 balla 98-ci yerdə qərarlaşıb. Böyük Britaniya 103-cü, Avstraliya isə 104-cü olub. Hər iki ölkənin göstəricisi 20 baldan aşağıdır.
Qeyd edək ki, iqtisadçı Artur Okun tərəfindən yaradılan ilkin “Bədbəxtlik indeksi” inflyasiya və işsizlik göstəricilərinin cəminə əsaslanırdı. Stiv Hankenin genişləndirdiyi metodologiyaya bank kreditləri üzrə faiz dərəcələri və adambaşına düşən real ÜDM-in artımı da daxil edilib.