Azərbaycanda 2027-ci ildə ümumi daxili məhsulun (ÜDM) həcminin 141 milyard manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin gözlənilən göstəricisi ilə müqayisədə real ifadədə 2,7% artım deməkdir.
Bu barədə maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən məlumat verib.
Nazirin sözlərinə görə, gələn il qeyri-neft-qaz sektorunda yaradılacaq ümumi daxili məhsulun həcminin 109,1 milyard manat təşkil edəcəyi gözlənilir. Bu göstərici cari illə müqayisədə real ifadədə 4,4% artıma uyğun gəlir.
Sahil Babayev qeyri-neft-qaz sektorunun inkişaf perspektivlərinə də diqqət çəkib. O bildirib ki, 2023–2027-ci illəri əhatə edən beşillik dövr ərzində bu sahə üzrə ÜDM-in həcminin 30 milyard manat artması nəzərdə tutulur. Bu isə təxminən 38%-lik genişlənmə deməkdir.
2027-ci il üzrə iqtisadi artım proqnozlarında qeyri-neft-qaz sektorunun ümumi iqtisadi inkişafın əsas hərəkətverici istiqamətlərindən biri kimi çıxış etməsi gözlənilir.