Azərbaycanda 2025-ci ildə süd istehsalı əvvəlki illə müqayisədə artaraq 2 milyon 305,9 min tona çatıb. 2024-cü ildə ölkə üzrə 2 milyon 298,5 min ton süd istehsal olunmuşdu. Beləliklə, illik artım 7,4 min ton təşkil edib.
Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya əsasən xəbər verir ki, istehsal olunan südün əsas hissəsi inək və camış südünün payına düşüb. Ötən il bu kateqoriya üzrə 2 milyon 273,2 min ton məhsul əldə edilib. Qoyun və keçi südünün həcmi isə 32,7 min ton olub.
Statistik göstəricilərə əsasən, son illərdə Azərbaycanda süd istehsalında artım tendensiyası müşahidə olunur. Belə ki, 2003-cü ildə ölkədə 1 milyon 167,8 min ton süd istehsal edildiyi halda, 2010-cu ildə bu göstərici 1 milyon 535,8 min tona, 2015-ci ildə 1 milyon 924,5 min tona yüksəlib. 2020-ci ildə istehsal 2 milyon 192,5 min ton təşkil edib.
2025-ci ildə süd istehsalının böyük hissəsi fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları tərəfindən təmin edilib. Bu təsərrüfatlarda ümumilikdə 2 milyon 215,9 min ton süd istehsal olunub. Bunun 2 milyon 183,5 min tonu inək və camış südü, 32,4 min tonu isə qoyun və keçi südü olub.
Kənd təsərrüfatı müəssisələrində isə ötən il 90 min ton süd istehsal edilib. Bu həcmin 89,7 min tonunu inək və camış südü, 0,3 min tonunu qoyun və keçi südü təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə fərdi və ailə təsərrüfatlarında 2 milyon 196 min ton, kənd təsərrüfatı müəssisələrində isə 102,5 min ton süd istehsal edilmişdi. Bu da son bir ildə müəssisələr üzrə istehsalın azaldığını, fərdi və ailə təsərrüfatlarında isə artdığını göstərir.
