Avropada inflyasiya 4 faizə yüksəldi - Son 3 ilin rekordu qeydə alındı

Avropada inflyasiya 4 faizə yüksəldi -

Avrozonada inflyasiyanın sürətlənməsi Avropa istiqraz bazarında investorların gözləntilərinə təsir göstərib. Qiymət artımının sürətlənməsi Avropa Mərkəzi Bankının gələcək faiz siyasəti ilə bağlı müzakirələri də gücləndirib.

Monetar.az xəbər verir ki, oktyabrda Avrozonada illik inflyasiya 4%-ə yüksəlib. Bu, 2023-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir və Avropa Mərkəzi Bankının 2%-lik hədəfindən iki dəfə çoxdur.

İnflyasiyanın sürətlənməsində enerji qiymətlərinin bahalaşması əsas amillərdən biri olub. Bu vəziyyət investorların faiz dərəcələrinin gələcək dinamikası ilə bağlı gözləntilərinə təsir göstərib.

Noyabrın 4-də Almaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 3 baza bəndi azalaraq 3,78%-ə düşüb. Bununla belə, bazar iştirakçıları inflyasiya təzyiqlərinin davam etməsi halında Avropa Mərkəzi Bankının gələcəkdə faiz dərəcələrini artıra biləcəyini istisna etmirlər.