Dünya avtomobil bazarında liderlər dəyişir - Çin şirkətləri nəhənglərə yaxınlaşır

Dünya avtomobil bazarında liderlər dəyişir -

Dünyanın ən böyük avtomobil istehsalçısı yenə də Yaponiyanın “Toyota” şirkəti olub. Şirkət il ərzində 11,3 milyon avtomobil sataraq liderliyini qoruyub. Bununla belə, son 10 ildə qlobal avtomobil bazarında ciddi dəyişikliklər baş verib və Çin istehsalçıları ən böyük şirkətlər sırasına yüksəlib.

Monetar.az xəbər verir ki, 2025-ci ildə “Volksvagen” 8,98 milyon avtomobil satışı ilə ikinci, “Hyundai” və “Kia” şirkətləri isə birlikdə 7,27 milyon satışla üçüncü yerdə qərarlaşıb.

İlk beşlikdə ABŞ-nin “General Motors” şirkəti 6,18 milyon avtomobillə dördüncü, 2021-ci ildə “Fiat Chrysler” və PSA Group-un birləşməsi nəticəsində yaradılan “Stellantis” isə 5,6 milyon avtomobillə beşinci olub.

Siyahıda diqqətçəkən məqamlardan biri Çinin “BYD” şirkətinin mövqeyidir. Şirkət 2025-ci ildə 4,6 milyon avtomobil sataraq 4,65 milyon satış həyata keçirən “Ford”a çox yaxın nəticə göstərib. Aralarındakı fərq cəmi 47,6 min avtomobil olub.

Çin istehsalçılarının yüksəlişi bununla məhdudlaşmayıb. “Geely” 3,02 milyon, “Changan” isə 2,91 milyon avtomobil sataraq dünyanın ən böyük 15 istehsalçısı arasında yer alıb. Beləliklə, Çin şirkətləri qlobal avtomobil bazarında getdikcə daha ciddi rəqiblərə çevrilirlər.

Bu dəyişiklikdə elektrik avtomobillərinin yayılması mühüm rol oynayır. Araşdırmaya görə, 2025-ci ildə Çin istehsalçıları dünyada satılan elektrik avtomobillərinin 60%-ni təmin ediblər. Həmin il ölkədə yeni avtomobil satışlarının təxminən 55%-ni elektrik və plug-in hibrid modellər təşkil edib.

Çinin üstünlüyünü gücləndirən digər amil istehsal xərcləri və təchizat zənciridir. Ölkədə satılan akkumulyatorlu elektrik avtomobillərinin təxminən 70%-nin qiyməti adi avtomobillərin orta qiymətindən aşağı olub. Bundan başqa, Çin qlobal batareya elementləri istehsalının 80%-dən çoxunu həyata keçirib.

Çin avtomobil istehsalçılarının xarici bazarlardakı mövqeyi də güclənir. 2025-ci ildə ölkənin elektrik avtomobili ixracı iki dəfə artaraq 2,5 milyon ədədi ötüb. Cənub-Şərqi Asiyada satılan elektrik avtomobillərinin yarıdan çoxu Çin markalarının payına düşüb.

Son onillikdə bazarın dəyişməsinə təsir edən digər amil iri şirkətlərin birləşməsidir. 2021-ci ildə “Fiat Chrysler” və PSA Group-un birləşməsi nəticəsində yaranan “Stellantis” “Jeep”, “Ram”, “Dodge”, “Fiat”, “Peugeot”, “Citroën” və “Opel” kimi markaları vahid şirkət altında birləşdirib.

Belə birləşmələrin əsas məqsədi avtomobil istehsalı, komponentlərin alınması və yeni texnologiyalara investisiya xərclərini daha geniş istehsal miqyası üzrə bölüşdürməkdir. Bununla belə, birləşmələrin real səmərəsi şirkətlərin inteqrasiyanı nə dərəcədə uğurla həyata keçirməsindən asılıdır.