Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin mənfəəti 627 min manatı keçib

Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin mənfəəti

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Publik Hüquqi Şəxsi (PHŞ) 2025-ci ili 627 min 398 manat xalis mənfəətlə başa vurub. Mərkəzin ilin sonuna aktivləri 4 milyon manatdan çox olub.

Monetar.az xəbər verir ki, bu, qurumun 2025-ci il üzrə maliyyə hesabatında əks olunub.

Hesabata əsasən, mərkəzin ötən il üzrə sair əməliyyat gəlirləri 1 milyon 838 min 782 manat təşkil edib. Bu müddətdə istifadə edilmiş material ehtiyatlarına 336 min 645 manat, işçi heyəti üzrə 594 min 34 manat, amortizasiya xərclərinə 169 min 855 manat, digər əməliyyat xərclərinə isə 110 min 778 manat vəsait sərf olunub.

Nəticədə qurumun əməliyyat mənfəəti və hesabat dövrü üzrə xalis mənfəəti 627 min 398 manat təşkil edib.

2025-ci il dekabrın 31-nə mərkəzin ümumi aktivləri 4 milyon 30 min 770 manat olub. Bunun 3 milyon 343 min 15 manatı uzunmüddətli, 687 min 755 manatı isə qısamüddətli aktivlərin payına düşüb.

Uzunmüddətli aktivlərin əsas hissəsini 3 milyon 342 min 679 manatlıq torpaq, tikili və avadanlıqlar təşkil edib. Qısamüddətli aktivlərə isə 596 min 855 manatlıq ehtiyatlar və 90 min 899 manatlıq digər aktivlər daxildir.

Mərkəzin ümumi kapitalı 3 milyon 939 min 871 manat, qısamüddətli öhdəlikləri isə 90 min 899 manat təşkil edib. Kapitalın 2 milyon manatı ödənilmiş nizamnamə kapitalının, 1 milyon 312 min 473 manatı kapital ehtiyatlarının, 627 min 398 manatı isə bölüşdürülməmiş mənfəətin payına düşüb.

Hesabatda pul vəsaitlərinin hərəkəti ilə bağlı göstəricilər də açıqlanıb. Belə ki, 2025-ci ildə məqsədli maliyyələşdirmə şəklində 2 milyon 20 min 926 manat vəsait daxil olub. Maliyyə icarəsi üzrə 91 min 272 manat ödəniş həyata keçirilib.

Mərkəzin maliyyə hesabatları müstəqil auditor tərəfindən yoxlanılıb və müsbət rəy verilib.