AQTA Bakıda süd emalı müəssisəsini bağladı – Səbəblər açıqlandı

AQTA Bakıda süd emalı müəssisəsini bağladı

Bakıda süd məhsullarının emalı ilə məşğul olan müəssisədə sanitar-gigiyenik qaydaların pozulması, istifadə müddəti bitmiş məhsullar və istehlakçıları yanılda biləcək etiketlər aşkarlanıb.

Monetar.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi yoxlama zamanı pozuntular Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 14 ünvanında yerləşən süd emalı müəssisəsində müəyyən edilib.

Fiziki şəxs Aysel Cümşüdovaya məxsus müəssisənin müvafiq təsdiq sənədi olmadan fəaliyyət göstərdiyi üzə çıxıb.

Yoxlama zamanı istehsal prosesində sanitar-gigiyenik tələblərə, texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi müəyyən olunub.

Müəssisədə aparılan araşdırma zamanı məhsulların adlandırılması ilə bağlı da uyğunsuzluqlar qeydə alınıb.

Belə ki, tərkibində qaymaq olmayan məhsulun üzərində “Qaymaqlı şor” yazıldığı müəyyən edilib. Bundan başqa, Bakıda istehsal olunan məhsulların etiketlərində “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” adlarından istifadə edildiyi aşkarlanıb.

Müəssisədə “Çinar”, “Cantəpə”, “Fermer.V.D İvanuşka”, “Fermer” və “Emay” əmtəə nişanlarına aid etiketlər də tapılıb.

Bununla yanaşı, istehlaka yararsız, kiflənmiş və istifadə müddəti başa çatmış süd məhsulları aşkar edilib.

Aşkar olunan faktlarla bağlı müəssisə barəsində inzibati protokol tərtib edilib. Məhsullardan laborator müayinələrin aparılması üçün nümunələr götürülüb.

AQTA-nın qərarı ilə istehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi nəzərdə tutulub.

Müəyyən edilmiş nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.