Böyük Britaniyanın xidmət sektorunda işgüzar fəallıq oktyabr ayında son səkkiz ayın ən sürətli artımını göstərib. İstehlak tələbatının güclənməsi və yeni sifarişlərin çoxalması sektorda canlanmanı dəstəkləyib.
S&P Global tərəfindən açıqlanan son PMI məlumatlarına görə, mövsümi amillər nəzərə alınmaqla hesablanan xidmət sektoru üzrə İşgüzar Fəallıq İndeksi (Services PMI Business Activity Index) sentyabr ayındakı 52,1 bənddən oktyabrda 52,8 bəndə yüksəlib. Bu, fevral ayından bəri qeydə alınan ən yüksək göstəricidir. İndeksin 50 bəndlik həddi keçməsi sektorda fəaliyyətin genişləndiyini göstərir.
Sorğuda iştirak edən xidmət şirkətləri fəallığın artmasını əsasən istehlak tələbatının yaxşılaşması və sifariş portfelinin genişlənməsi ilə izah ediblər. Bəzi müəssisələr süni intellektə yatırılan investisiyaların satışlara müsbət təsir göstərdiyini bildiriblər. Digər şirkətlər isə müştərilərin daha az ehtiyatlı davranmasını və iqtisadi şəraitin nisbətən əlverişli olmasını vurğulayıblar.
Yeni sifarişlərin həcmi ardıcıl dördüncü aydır artım nümayiş etdirib. Oktyabrda bu göstərici yanvar ayından bəri ən sürətli yüksəliş tempinə çatıb. Artımın əsas mənbəyi daxili bazar olub. İxrac sifarişləri isə cüzi azalıb, lakin bu azalma mart ayından bəri ən zəif səviyyədə qeydə alınıb.
Sifariş portfelinin genişlənməsi şirkətləri əlavə işçi qüvvəsi cəlb etməyə təşviq edib. Nəticədə, oktyabrda xidmət sektorunda məşğulluq cüzi də olsa artıb və bununla da təxminən iki il davam edən iş yerlərinin ixtisarı tendensiyası başa çatıb.
Bununla belə, xərclərin yüksək olması bir sıra şirkətlərin işə qəbul planlarını məhdudlaşdırıb. Bəzi müəssisələr yeni işçi götürməkdən çəkinməyə davam edib, digərləri isə könüllü olaraq işdən ayrılan əməkdaşların yerinə yeni şəxslər cəlb etməmələrini süni intellekt texnologiyalarının tətbiqi ilə əlaqələndiriblər.
Oktyabr ayında xidmət sektorunda xərclər üzrə təzyiq əhəmiyyətli dərəcədə artıb. Qiymət artımları nəticəsində inflyasiya son beş ayın ən yüksək səviyyəsinə çatıb. Sorğuda iştirak edən şirkətlərin təxminən 38%-i xammal və materialların bahalaşdığını bildirib, qiymətlərin azaldığını qeyd edənlərin payı isə cəmi 1% təşkil edib.
Şirkətlər xərc artımının əsas səbəbləri kimi enerji daşıyıcılarının, yanacağın və nəqliyyat xidmətlərinin bahalaşmasını, əməkhaqları üzrə təzyiqləri, eləcə də xammal qiymətlərinin yüksəlməsini göstəriblər.
S&P Global Market Intelligence-in iqtisadiyyat üzrə direktoru Tim Murun sözlərinə görə, oktyabr göstəriciləri Böyük Britaniyanın xidmət sektorunda istehsal artımının sürətlənməsi ilə qiymət təzyiqinin güclənməsinin eyni vaxtda baş verdiyini göstərir. Onun fikrincə, bu tendensiyalar emal sənayesində müşahidə olunan proseslərlə də üst-üstə düşür.
Xidmət şirkətləri artan xərclərin bir hissəsini satış qiymətlərini yüksəltməklə istehlakçılara ötürüblər. Bununla belə, rəqabətin təsiri altında satış qiymətlərinin artım tempi sentyabrla müqayisədə bir qədər zəifləyib.
Növbəti 12 aya dair işgüzar fəallıq gözləntiləri oktyabrda yüksələrək son səkkiz ayın ən yüksək səviyyəsinə çatıb. Buna baxmayaraq, şirkətlərin nikbinlik səviyyəsi sorğunun uzunmüddətli orta göstəricisindən aşağı olaraq qalır.
Böyük Britaniyanın sənaye və xidmət sektorlarını əhatə edən yekun Kompozit PMI İstehsal İndeksi (UK Composite PMI Output Index) də oktyabr ayında yüksəliş göstərib. Belə ki, indeks sentyabrdakı 52,0 bənddən 52,9 bəndə çatıb.
MONETAR.AZ