Türkiyə Rusiya təbii qazının qiyməti yüksək olaraq qalacağı təqdirdə, bu ölkədən tədarükü azaltmağa və daha sərfəli alternativlərə üstünlük verməyə davam edəcək. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazirin sözlərinə görə, Rusiyadan qaz alışının azalması, ABŞ-dan idxalın isə artması siyasi səbəblərlə deyil, qiymət fərqi ilə bağlıdır.
“Rusiyadan daha az, ABŞ-dan isə daha çox qaz almağımızın səbəbi son dərəcə sadədir: məsələ siyasətdə deyil, qiymətdədir. Rusiya həddindən artıq baha qaz təklif edir”, – deyə Bayraktar Turkiye Today nəşrinə istinadən bildirilib.
O qeyd edib ki, yüksək qiymətlər Ankaranı daha ucuz enerji mənbələri axtarmağa sövq edir. Bununla belə, Türkiyə Rusiya qazından tamamilə imtina etməyi planlaşdırmır. Nazir vurğulayıb ki, ölkənin Rusiya xammalına ehtiyacı qalacaq, lakin qiymət fərqi davam edərsə, Rusiya qazının Türkiyə bazarındakı payı daha da azala bilər.
Bayraktar yeni “Milli Energetika 2040” strategiyasına da toxunub. Onun sözlərinə görə, strategiyada Türkiyənin illik təbii qaz tələbatının 57 milyard kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır. Hazırda da ölkə təxminən bu həcmdə qaz istehlak edir.
Nazir bildirib ki, müvafiq strategiya həyata keçirilmədiyi təqdirdə, Türkiyənin illik qaz istehlakı 2040-cı ilədək 77 milyard kubmetrə çata bilər.
Rusiya Türkiyənin əsas təbii qaz təchizatçısı olaraq qalsa da, son illərdə bu ölkənin bazardakı mövqeyi zəifləyib. Belə ki, 2006-cı ildə Türkiyənin qaz idxalında Rusiyanın payı təxminən 64% olduğu halda, 2025-ci ilin əvvəlinə bu göstərici 37%-ə enib.
Eyni dövrdə Azərbaycanın Türkiyə qaz bazarındakı payı 22%-ə yüksəlib. Bununla yanaşı, ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü də bazarda mövqelərini möhkəmləndirir.
Türkiyənin qaz idxalında əsas dəyişikliklərdən biri təchizat mənbələrinin şaxələndirilməsi və qiymət baxımından daha əlverişli alternativlərə yönəlmədir. Rusiya qazının gələcək bazar payı isə böyük ölçüdə təklif olunan qiymətlərin rəqabət qabiliyyətindən asılı olacaq.
MONETAR.AZ