Qazaxıstan Almaniyaya neft tədarükünü bərpa etmək istəyir

Qazaxıstan Almaniyaya neft tədarükünü

Qazaxıstan may ayından etibarən dayandırılmış «Dostluq» (Drujba) boru kəməri vasitəsilə Almaniyaya neft tədarükünü bərpa etməyə hazırdır. Bununla bağlı Rusiya tərəfinə rəsmi müraciət ünvanlanıb.

TASS xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Erlan Akkenjenov mətbuat konfransında açıqlayıb.

Nazirin sözlərinə görə, müvafiq sorğunu Rusiya tərəfinə şəxsən, ikitərəfli görüş zamanı təqdim edib. Hazırda Qazaxıstan tədarükün bərpası ilə bağlı Moskvadan cavab gözləyir.

Qeyd edək ki, Rusiya may ayından etibarən «Dostluq» boru kəməri ilə Qazaxıstan neftinin Almaniyaya tranzitini dayandırıb. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bu qərarı texniki imkanların olmaması ilə əsaslandırıb.

Qazaxıstanın Energetika Nazirliyi isə daha əvvəl bildirmişdi ki, bütün tərəflərlə razılıq əldə olunacağı və mövcud texniki maneələr aradan qaldırılacağı təqdirdə neft tədarükünün bərpası mümkündür.

Qazaxıstanın Almaniya istiqamətində neft ixracının yenidən başlanması Rusiya tərəfinin cavabından və tranzit üçün zəruri texniki şərtlərin təmin edilməsindən asılıdır.

MONETAR.AZ