2025-ci ildə adambaşına neft istehlakının ən yüksək olduğu ölkə Sinqapur olub. Burada hər nəfərə düşən illik istehlak 93,63 barel təşkil edib. Kurakao 84,41 barellə ikinci, Bruney isə 43,83 barellə üçüncü yerdə qərarlaşıb.
Monetar.az xəbər verir ki, bu nəticələr “Eni” şirkətinin “World Energy Review 2026” hesabatının məlumatları əsasında hazırlanmış araşdırmada əks olunub.
Reytinqdə ilk onluqda Yaxın Şərqin dörd ölkəsi də yer alıb. Qətərdə adambaşına illik neft istehlakı 40,19 barel, Küveytdə 39,23 barel, Birləşmiş Ərəb Əmirliklərində 36,74 barel, Səudiyyə Ərəbistanında isə 36,68 barel olub.
İlk onluğun digər iştirakçıları Malta (39,65 barel), Lüksemburq (26,46 barel) və Kanada (22,53 barel) olub.
ABŞ 22,10 barellə 11-ci pillədə qərarlaşıb. Beləliklə, Kanada adambaşına istehlakda ABŞ-ı cüzi fərqlə qabaqlayıb. İki ölkə arasındakı fərq cəmi 0,43 barel təşkil edib.
Reytinqin ilk iyirmiliyində Bəhreyn 18,09 barel, Cənubi Koreya 17,22 barel, Oman 15,92 barel, Niderland 15,61 barel, Avstraliya 15,57 barel və Norveç 15,51 barel göstərici ilə yer alıb.
Sinqapurun liderliyi ölkənin beynəlxalq dəniz daşımalarında mühüm mövqeyi ilə əlaqələndirilir. Dünya üzrə əsas gəmi yanacağı doldurma mərkəzlərindən biri olan Sinqapurda beynəlxalq gəmilərə verilən yanacaq da ümumi istehlak göstəricisinə daxil edilir. Ölkənin əhalisinin nisbətən az olması isə adambaşına düşən göstəricini yüksəldir.
Qeyd edək ki, araşdırmada neft istehlakı hesablanarkən beynəlxalq gəmiçilik üçün istifadə olunan yanacaq, neft emalı müəssisələrinin öz ehtiyacları üçün sərf etdiyi yanacaq və bioyanacaqlar da nəzərə alınıb. Buna görə göstəricilər yalnız əhalinin gündəlik neft məhsulları istifadəsini deyil, daha geniş iqtisadi və sənaye fəaliyyətini əks etdirir.
Ümumi istehlak baxımından isə mənzərə fərqlidir. ABŞ dünyada ən çox neft istehlak edən ölkədir, onu Çin və Hindistan izləyir. Lakin bu ölkələr adambaşına istehlak üzrə ilk onluğa daxil deyil.