Perunun paytaxtı Limada keçirilən “The World’s 50 Best Restaurants” mükafatlandırma mərasimində 2026-cı ilin dünyanın ən yaxşı restoranlarının reytinqi açıqlanıb. Siyahının zirvəsində İspaniyanın Basklar Ölkəsi regionunda yerləşən Asador Etxebarri restoranı qərarlaşıb.
Açıq tonqalda hazırlanan yeməkləri ilə tanınan restoranın baş aşpazı Viktor Arginzonizdir. Asador Etxebarri ötən ilin qalibi Perunun Maido restoranını geridə qoyaraq birinci yeri əldə edib.
2026-cı ilin reytinqində ilk beş mövqe aşağıdakı restoranlar arasında bölüşdürülüb:
-
Asador Etxebarri – Açondo, İspaniya
-
Gaggan – Banqkok, Tailand
-
Alchemist – Kopenhagen, Danimarka
-
Quintonil – Mexiko, Meksika
-
Wing – Honq Konq, Çin
Ölkələr üzrə nəticələrə əsasən, Tailand, İspaniya və İtaliya hər biri beş restoranla ilk 50-liyə ən çox təmsil olunan ölkələr sırasında yer alıb.
2025-ci ildə dünyanın ən yaxşı restoranı seçilmiş Perunun Maido restoranı isə bu il reytinqdə iştirak etməyib. Bunun səbəbi onun “Best of the Best” adlı fəxri qrupa daxil edilməsidir. Bu qrupa əvvəlki illərdə birinci yeri tutmuş restoranlar daxildir və onlar sonrakı reytinq yarışmasında iştirak etmirlər.
2026-cı ilin reytinqində Rusiya restoranlarına yer verilməyib. Moskva restoranları sonuncu dəfə 2021-ci ildə siyahıda təmsil olunub. Həmin il White Rabbit 25-ci, Twins Garden isə 30-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “The World’s 50 Best Restaurants” reytinqi dünyanın müxtəlif ölkələrindən olan 1 100-dən çox müstəqil restoran sənayesi ekspertinin iştirakı ilə keçirilən səsvermə əsasında hazırlanır.
MONETAR.AZ