Bu gün Azərbaycanın bir sıra rayonlarında leysan xarakterli yağış, şimşək və dolu gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə isə küləyin güclənəcəyi ehtimal olunur.
Monetar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru isə yağıntıların intensivləşəcəyi gözlənilir. Şimşək çaxacağı da ehtimal olunur. Külək axşam saatlarında cənub-qərbdən şimal-qərbə dəyişərək güclənəcək.
Paytaxtda havanın temperaturu gecə 12-16, gündüz 18-21 dərəcə isti olacaq.
Bölgələrdə isə gündüz saatlarından başlayaraq şimal və qərb rayonlarında yağış yağacağı, bəzi yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı bildirilir. Dağlıq ərazilərdə qar, ayrı-ayrı yerlərdə isə dolu gözlənilir.
Naxçıvanda da bəzi yerlərdə yağış və şimşək, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Havanın temperaturu 15-19 dərəcə isti olacaq.
Gəncə-Qazax bölgəsində temperaturun 15-20, Şərqi Zəngəzurda 10-15, Aran rayonlarında isə 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.
Lənkəran-Astara bölgəsində havanın temperaturu gündüz 18-22 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə temperatur 14-17 dərəcə arasında dəyişəcək.
Bəzi rayonlarda arabir duman müşahidə olunacağı və qərb küləyinin güclənəcəyi də gözlənilir.