“İD-AGROPARK”ın zərəri 1,9 milyon manata yaxınlaşıb 

“İD-AGROPARK”ın zərəri

“İD-AGROPAR” MMC 2025-ci ili 1,89 milyon manat xalis zərərlə başa vurub. Şirkətin maliyyə hesabatına əsasən, il ərzində gəlirləri azalıb, öhdəlikləri isə aktivlərinin dəyərini xeyli üstələyib.

Monetar.az xəbər verir ki, şirkətin maliyyə hesabatına görə, 2025-ci ildə əsas fəaliyyətindən gəliri 1 milyon 331,3 min manat təşkil edib. Bu, 2024-cü ilin 1 milyon 497,4 min manatlıq göstəricisindən 11,1% azdır.

Hesabat dövründə satışın maya dəyəri 2 milyon 767,9 min manat olub. Nəticədə şirkətin satışdan zərəri 1 milyon 436,6 min manata çatıb. İnzibati xərclər 595,9 min manat, maliyyə xərcləri isə 173,6 min manat təşkil edib.

Bununla da şirkətin 2025-ci il üzrə xalis zərəri 1 milyon 886,7 min manat olub. Müqayisə üçün, 2024-cü ildə xalis zərər 2 milyon 289,2 min manat təşkil edib. Beləliklə, illik zərər 17,6% azalıb.

Şirkətin maliyyə vəziyyətində diqqət çəkən digər məqam kapital göstəricisidir. 2025-ci ilin sonunda bölüşdürülməmiş zərər 21 milyon 981,3 min manata yüksəlib. Nəticədə ümumi kapital və ehtiyatlar mənfi 21 milyon 980,3 min manat təşkil edib.

Həmin tarixə şirkətin aktivləri 12 milyon 990,1 min manat, öhdəlikləri isə 34 milyon 970,3 min manat olub. Öhdəliklərin əsas hissəsini 31 milyon 708,8 min manatlıq digər cari öhdəliklər təşkil edib. Bank kreditlərinin məbləği 2 milyon 660,9 min manat, qısamüddətli kreditor borcları isə 600,6 min manat olub.

2025-ci ilin sonunda şirkətin pul vəsaitləri 17 min manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 109,6 min manatla müqayisədə xeyli aşağıdır.