Birləşmiş Ərəb Əmirlikləri yeni neft kəməri layihəsini nəzərdən keçirir

Birləşmiş Ərəb Əmirlikləri yeni neft kəməri layihəsini

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkənin şərq sahilinə doğru üçüncü ixrac neft kəmərinin çəkilməsi imkanlarını qiymətləndirir. Layihənin əsas məqsədi ölkənin neft ixracında strateji əhəmiyyət daşıyan, lakin regional gərginliklərə həssas olan Hörmüz boğazından asılılığını azaltmaqdır.

“Bloomberg”in məlumatına görə, Əbu-Dabi çoxmilyardlıq infrastruktur proqramı çərçivəsində ölkənin qərbindəki hasilat mərkəzlərini Fars körfəzindən kənarda yerləşən Füceyrə limanı ilə birbaşa birləşdirməyi planlaşdırır. Təklif olunan yeni marşrut gələcəkdə üçüncü tərəflərin də tranzit imkanlarından istifadəsinə şərait yarada və beynəlxalq neft alıcılarının dəniz nəqliyyatındakı risklərini azalda bilər.

Məlumata əsasən, dövlətə məxsus Abu Dhabi National Oil Co. (ADNOC) artıq bəzi Asiya neft emalı zavodlarına yeni marşrutun konsepsiyası barədə məlumat verib. Bununla belə, layihədən xəbərdar olan mənbələr kəmərin marşrutunun və ümumi strukturunun hələ dəyişə biləcəyini bildirirlər.

ADNOC isə bu xəbəri təkzib edərək “Bloomberg”ə məlumatların yanlış və sırf spekulyativ xarakter daşıdığını açıqlayıb.

Nəzərdən keçirilən layihə hazırda Füceyrə terminallarına gündəlik təxminən 2 milyon barel neft nəql edən mövcud quru dəhlizinin genişləndirilməsini nəzərdə tutur.

ADNOC ötən ilin mayında ikinci xəttin tikintisini sürətləndirmək qərarı verib. Bu xəttin istifadəyə verilməsi ilə boru kəməri sisteminin ötürücülük qabiliyyətinin iki dəfə artırılması planlaşdırılır. Tikintinin gələn il başa çatdırılması, Asiya müştərilərinə kommersiya tədarüklərinin isə 2027-ci ilin əvvəlində başlanması gözlənilir.

İxrac marşrutlarının diversifikasiyası BƏƏ-nin Hörmüz boğazından asılılığı azaltmaq strategiyasının əsas istiqamətlərindən biridir. Regional gərginlik və kommersiya gəmilərinə hücumlar enerji təchizatı zəncirlərində riskləri artırdığı üçün Əbu-Dabi alternativ nəqliyyat imkanlarının yaradılmasına diqqət yetirir.

Bu çərçivədə boru kəmərlərinin ötürücülük gücünün artırılması ölkənin şərqində avtomobil və dəmir yolu şəbəkələrinə, eləcə də Fars körfəzindən kənarda yerləşən azı üç dəniz qovşağının imkanlarının genişləndirilməsinə yönəlmiş investisiyalarla əlaqələndirilir.

Məlumatda qeyd olunur ki, infrastruktur planları BƏƏ-nin may ayında OPEC-dən çıxmasından sonra daha müstəqil enerji strategiyasına keçidi ilə də üst-üstə düşür. Alternativ ixrac marşrutlarının yaradılması ölkəyə Fars körfəzi ətrafındakı geosiyasi və logistika risklərindən asılılığı azaltmaq, qlobal bazarlara neft tədarükünün davamlılığını təmin etmək imkanı verə bilər.

MONETAR.AZ