Samsung Galaxy A38 modeli barədə yeni məlumatlar yayılıb

Samsung Galaxy A38 modeli barədə

Samsung-un növbəti nəsil orta seqment smartfonu Galaxy A38 modeli ilə bağlı yeni məlumatlar yayılıb. Galaxy Club nəşrinin sızdırdığı məlumatlara görə, şirkət bu modeldə batareya tutumunu əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Şayiələr təsdiqlənərsə, bu yenilik Galaxy A seriyasının son illərdəki ən diqqətçəkən dəyişikliklərindən biri olacaq.

Məlumata əsasən, Galaxy A38-in batareya tutumu 5000 mAh-dan 6000 mAh-a yüksəldilə bilər. Nominal tutumun isə 5882 mAh olacağı bildirilir. Bu, əvvəlki Galaxy A37 modeli ilə müqayisədə təxminən 20%-lik artım deməkdir. Beləliklə, yeni model A30 seriyasında son beş ildə batareya tutumunun bu qədər artırıldığı ilk cihaz ola bilər.

Bununla yanaşı, smartfonda silikon-karbon (silicon-carbon) batareya texnologiyasının tətbiqi gözlənilmir. Sızdırılan məlumatlara görə, bu texnologiya hələlik Samsung-un flaqman modelləri üçün nəzərdə tutulub. Galaxy A38-də şarj gücünün isə 45 Vt səviyyəsində saxlanılacağı ehtimal edilir.

Maraqlı məqamlardan biri də batareya tutumunun flaqman modellərlə müqayisəsidir. Belə ki, Galaxy S26 Ultra modelinin 5000 mAh batareya ilə təqdim ediləcəyi gözlənilir. Bu halda Galaxy A38 kağız üzərində batareya tutumuna görə flaqman smartfonu üstələyə bilər.

Mövcud məlumatlara əsasən, Galaxy A38 və Galaxy A58 modellərinin təqdimatı 2027-ci ilin mart-aprel aylarında baş tuta bilər. Bununla belə, Samsung hələlik cihazların təqdimat tarixi və texniki göstəriciləri ilə bağlı rəsmi açıqlama verməyib.

Yeni modelin qiyməti ilə bağlı ehtimallar da diqqət çəkir. Smartfon bazarında qiymət artımı tendensiyası nəzərə alınaraq, Galaxy A38-in Avropa bazarında başlanğıc qiymətinin 500 avro və ya dollara yaxınlaşa biləcəyi proqnozlaşdırılır.

Batareya tutumunda nəzərdə tutulan artıma baxmayaraq, Galaxy A38-in digər texniki xüsusiyyətlərində ciddi yenilik gözlənilmir.

Sızdırılan məlumatlara görə, smartfonun arxa kamera sistemi 50 meqapiksellik əsas kamera, 8 meqapiksellik ultra-genişbucaqlı modul və 5 meqapiksellik makro kameradan ibarət olacaq.

Ekran tərəfdə isə 120 Hz yenilənmə tezliyini dəstəkləyən 6,7 düymlük Super AMOLED panelin istifadəsi ehtimal edilir.

Qeyd edək ki, sadalanan xüsusiyyətlər hələlik qeyri-rəsmi məlumatlara əsaslanır. Samsung tərəfindən təsdiqlənmədiyi üçün Galaxy A38-in yekun texniki göstəriciləri və qiyməti təqdimat zamanı fərqli ola bilər.

MONETAR.AZ