Çindəki Nvidia müştəriləri sifariş etdikləri çiplərin yalnız 1 faizini alacaqlar

Çindəki Nvidia müştəriləri sifariş etdikləri çiplərin

Çinin aparıcı texnologiya şirkətləri yaxın aylarda “Nvidia” şirkətindən sifariş etdikləri süni intellekt çiplərinin cüzi bir hissəsini əldə edə biləcəklərini gözləyirlər. Buna səbəb qlobal bazarda qabaqcıl hesablama çiplərinə tələbatın yüksək olması və istehsal güclərinin bu tələbi qarşılamaqda çətinlik çəkməsidir.

“Bloomberg” agentliyinin çərşənbə günü məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, “Alibaba”, “Tencent”, “ByteDance” və süni intellekt, eləcə də bulud texnologiyaları sahəsində fəaliyyət göstərən digər iri Çin şirkətləri ümumilikdə təxminən 70 milyard dollar dəyərində 6 milyon ədəd “Nvidia RTX Pro 5500” çipi sifariş ediblər.

Lakin şirkətlər qarşıdakı dörd ay ərzində cəmi 10 minə yaxın çip əldə edə biləcəklərini ehtimal edirlər. Bu isə sifarişlərin ümumi həcminin təxminən 1%-nə bərabərdir.

Məlumata görə, ehtiyatlı gözləntilər “Nvidia”nın istehsal güclərini artırmaqda və süni intellekt sistemləri üçün qabaqcıl çiplərə sürətlə artan tələbatı ödəməkdə üzləşdiyi çətinliklərlə bağlıdır.

Eyni zamanda, süni intellekt infrastrukturuna investisiyalar davam edir, data mərkəzlərinin tikintisi isə yüksək templə sürür. Bu vəziyyət hesablama avadanlıqlarına tələbatı daha da artıraraq təchizat zəncirinə təzyiq göstərir.

MONETAR.AZ