Monetar.az xəbər verir ki, bu barədə “Kaspersky”nin Qlobal Tədqiqat və Təhlil Qrupunun (GreAT) baş eksperti Georgi Kuçerin məlumat verib.
Onun sözlərinə görə, oktyabrın 30-da “Binance” kriptovalyuta birjası mümkün kiber müdaxilə barədə məlumat yayıb. İlkin təhlillər hücum edənlərin DevOps mühəndisinin ələ keçirilmiş noutbuku vasitəsilə xidmət konteynerinə daxil ola biləcəyini göstərib. Bu müdaxilənin qanunsuz vəsait çıxarılmasına şərait yaratmış ola biləcəyi bildirilir.
Birjanın nümayəndələri kriptovalyuta cüzdanlarının şəxsi açarlarının sızdırılmasına dair təsdiqlənmiş məlumat olmadığını açıqlayıblar. Təhlükəsizlik tədbirləri çərçivəsində depozit və vəsaitlərin çıxarılması əməliyyatları müvəqqəti dayandırılıb. Şirkət insidentdən zərər çəkən istifadəçilərə kompensasiya ödəyəcəyini də vəd edib.
Bundan bir gün əvvəl, oktyabrın 29-da “Polymarket” platformasının istifadəçiləri də kiberhücuma məruz qalıblar. Hadisə platformanın internet səhifəsinə inteqrasiya edilmiş istifadəçi fəaliyyətinin monitorinqi xidməti “DebugBear”ə məxsus üçüncü tərəf skriptinin oğurlanması ilə əlaqələndirilir.
Georgi Kuçerin qeyd edib ki, hər iki hadisə fərqli hücum ssenarilərini nümayiş etdirir. “Binance” insidentində mümkün giriş nöqtəsi əməkdaşın iş cihazı, “Polymarket” hadisəsində isə xarici xidmətə məxsus veb-komponent olub.
Ekspertin fikrincə, kriptovalyuta birjalarının əməkdaşları, xüsusilə texniki heyət üzvləri, rəqəmsal aktivlərin oğurlanmasına yönəlmiş hücumlarda zəif həlqəyə çevrilə bilərlər. Hətta təcrübəli proqramçılar və mühəndislər də zərərli proqram təminatını yükləmək və ya təhlükəli əlavələrdən istifadə etmək nəticəsində hücumların qurbanı ola bilərlər.
Kuçerin daha əvvəl kriptovalyuta sektorunda çalışan bir proqramçının iş məqsədilə zərərli brauzer əlavəsi yüklədiyini və nəticədə onun kriptovalyuta cüzdanlarından 500 min ABŞ dollarının oğurlandığını da xatırladıb.
Ekspert “Binance” insidentinin miqyasının ciddi narahatlıq doğurduğunu vurğulayıb. O, kriptovalyuta sektoruna qarşı mürəkkəb hücumların arxasında inkişaf etmiş davamlı təhdid (APT) qruplarının dayana biləcəyini istisna etməyib.
İlkin məlumatlarda mümkün iştirakçı qruplar arasında “Lazarus”un da adı çəkilib. Bu qrup maliyyə sektoruna, xüsusilə kriptovalyuta platformalarına qarşı hücumları ilə tanınır. 2016-cı ildə Banqladeş Mərkəzi Bankına qarşı təxminən 1 milyard dolların oğurlanmasına yönəlmiş hücum cəhdi ilə əlaqələndirilib. 2025-ci ildə isə “Bybit” kriptovalyuta birjasına qarşı hücum təxminən 1,5 milyard dollar həcmində itki ilə nəticələnib.
Bununla belə, “Lazarus” qrupunun “Binance” və “Polymarket” insidentlərində iştirakına dair təsdiqlənmiş sübut yoxdur. Ekspert yekun nəticələrin araşdırmalar başa çatdıqdan sonra müəyyənləşəcəyini bildirib.
Georgi Kuçerin kriptovalyuta aktivlərinin sahiblərinə şəxsi və korporativ cihazların təhlükəsizliyinə xüsusi diqqət yetirməyi, etibarlı təhlükəsizlik həllərindən istifadə etməyi tövsiyə edib.