"Philips"in 3-cü rübdə satışları artsa da, xalis mənfəəti azalıb

"Philips"in 3-cü rübdə satışları artsa da,

Niderlandın tibbi texnologiyalar istehsalçısı «Koninklijke Philips» şirkəti 2026-cı ilin üçüncü rübünün maliyyə nəticələrini açıqlayıb. Sifariş portfelinin genişlənməsi, mənfəət marjasının yaxşılaşması və məhsuldarlığın artırılması nəticəsində əldə olunan qənaət şirkətin təshih edilmiş mənfəət göstəricilərinə müsbət təsir edib. Bununla yanaşı, Philips 2026-cı il üzrə əvvəl açıqladığı bütün maliyyə hədəflərini qüvvədə saxlayıb.

Hesabat dövründə şirkətin müqayisəli sifarişlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8% artıb. Müqayisəli satışlar isə 3% yüksələrək 4,39 milyard avroya çatıb.

Philips-in təshih edilmiş EBITA göstəricisi ötən ilin üçüncü rübündəki 531 milyon avrodan hesabat dövründə 569 milyon avroya yüksəlib. Təshih edilmiş EBITA rentabelliyi də 70 baza bəndi artaraq 13%-ə çatıb.

Bununla belə, şirkətin xalis mənfəətində ciddi azalma qeydə alınıb. Göstərici əvvəlki ilin müvafiq dövründəki 187 milyon avrodan 28 milyon avroya enib.

Azalmanın əsas səbəbi «Respironics» məhsullarının geri çağırılması ilə bağlı cinayət və mülki araşdırmaların həlli istiqamətində ABŞ Ədliyyə Nazirliyi ilə əldə olunan prinsipial razılaşma olub. Bu çərçivədə şirkət 288 milyon avro məbləğində ehtiyat yaradıb.

Şirkətin biznes istiqamətləri üzrə nəticələr də müxtəlif olub. Ən yüksək artım Personal Health (Şəxsi Qulluq) bölməsində qeydə alınıb. Bu seqmentin satışları illik müqayisədə 8% artıb.

Connected Care (Birləşdirilmiş Qulluq) bölməsində satışlar 5% yüksəlib. Diagnosis & Treatment (Diaqnostika və Müalicə) istiqamətində isə göstərici əvvəlki ilin səviyyəsində qalıb. Bu bölmədə Precision Diagnosis (Dəqiq Diaqnostika) sahəsindəki azalma Image Guided Therapy (Vizual Nəzarət Altında Terapiya) istiqamətində əldə olunan artımla kompensasiya edilib.

Şirkət 2026-cı ilin yekunları üzrə əvvəl açıqladığı maliyyə hədəflərini təsdiqləyib. Proqnoza əsasən, müqayisəli satışların illik artımının 3–4,5% intervalında olacağı gözlənilir.

Təshih edilmiş EBITA rentabelliyinin 13,5–14% səviyyəsində formalaşacağı proqnozlaşdırılır. Bu göstərici üzrə hədəfə ABŞ-da tariflərin geri qaytarılmasından gözlənilən təxminən 1%-lik müsbət təsir də daxildir.

Philips 2026-cı ildə sərbəst pul axınının 1,5–1,7 milyard avro təşkil edəcəyini də gözləyir.

MONETAR.AZ