Azərbaycanda fərdi yaşayış evlərinin kirayə bazarında 2026-cı ilin oktyabr ayında kəskin statistik azalma qeydə alınıb.
Monetar.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının təhlilinə əsasən, fərdi yaşayış evlərinin kirayə qiymət indeksi sentyabr ayındakı 123,3 səviyyəsindən oktyabrda 71,1-ə düşüb.
Beləliklə, aylıq azalma 42,3% təşkil edib. Oktyabr ayında fərdi yaşayış evlərinin median kirayə qiyməti 1 kvadratmetr üçün 5,33 manat olub.
Palata bu kəskin azalmanın bütün fərdi yaşayış evlərinin eyni nisbətdə ucuzlaşması kimi qəbul edilməsinin düzgün olmadığını vurğulayır.
Məlumata görə, dəyişiklikdə bir neçə amil rol oynaya bilər. Belə ki, yay mövsümündə yüksək qiymətlərlə təklif olunan bağ evləri və villaların elanlardakı payı azalıb, uzunmüddətli kirayə təklifləri isə üstünlük qazanıb.
Bundan başqa, müşahidə olunan əmlakların yerləşdiyi ərazilər və xüsusiyyətlər üzrə tərkibinin dəyişməsi də ümumi göstəriciyə təsir edə bilər.
Fərdi yaşayış evlərinin kirayəsindəki azalmaya baxmayaraq, kommersiya obyektlərinin icarə qiymətlərində artım qeydə alınıb.
Oktyabr ayında kommersiya obyektlərinin median icarə qiyməti 1 kvadratmetr üçün 15 manatdan 16 manata yüksəlib. Aylıq artım 6,7% təşkil edib.
Bu seqment üzrə median aylıq icarə haqqı 2 000 manat olub.