Avrozonada işgüzar fəallıq zəifləyib

Avrozonada işgüzar fəallıq

Avrozonada iqtisadi fəallığın artım tempi oktyabr ayında zəifləyib. S&P Global tərəfindən hazırlanan yekun Kompozit İşgüzar Fəallıq İndeksi (PMI) sentyabr ayındakı 53,1 bənddən 51,7 bəndə düşərək son dörd ayın ən aşağı səviyyəsinə enib.

Bununla belə, indeks iqtisadi artımla tənəzzül arasındakı sərhəd hesab olunan 50 bənd həddindən yuxarıda qalıb. Beləliklə, Avrozonada iqtisadi artım ardıcıl dördüncü ay davam etsə də, dördüncü rübün əvvəlində onun sürətində nəzərəçarpan zəifləmə müşahidə olunub.

Artım tempinin aşağı düşməsi həm emal sənayesində, həm də xidmət sektorunda qeydə alınıb. Xidmət sektorunun İşgüzar Fəallıq İndeksi sentyabrda 53 bənd olduğu halda, oktyabrda 51,4 bəndə geriləyib. Bu, son dörd ayın minimum göstəricisidir.

Oktyabrda Almaniya, İtaliya, İspaniya və İrlandiyada iqtisadi artım davam etsə də, bu ölkələrin hamısında genişlənmə tempi aşağı düşüb. Fransa isə sentyabrda qeydə alınan cüzi yaxşılaşmadan sonra yenidən tənəzzül zonasına qayıdıb.

Yeni sifarişlərin həcmi hesabat ayında yalnız cüzi artım göstərib. Xidmət sektorunda sifarişlərə tələbat bir qədər azalıb, sənayedə isə sifarişlərin artması bu geriləməni qismən kompensasiya edib. İxrac sifarişləri ardıcıl üçüncü ay yüksəlsə də, artım əvvəlki dövrlərlə müqayisədə daha zəif olub.

Əmək bazarında da mənfi dinamika müşahidə edilib. Avrozonada məşğulluq cüzi azalıb və bu, may ayından bəri ən kəskin geriləmə olub. İş yerlərinin sayındakı azalmanın əsas hissəsi xidmət sektorunun payına düşüb. Emal sənayesində isə çalışanların sayı bir qədər artıb.

Oktyabrda şirkətlərin satınalma qiymətləri üzrə inflyasiya göstəricisi sürətlənərək son beş ayın maksimumuna çatıb. Müəssisələr satış qiymətlərini də əhəmiyyətli dərəcədə artırıblar. Bununla belə, satış qiymətlərində artım tempi sentyabr ayı ilə müqayisədə zəifləyib.

Biznes mühitinə dair gözləntilər də pisləşməkdə davam edib. İşgüzar inam ardıcıl üçüncü ay azalıb və çoxillik orta göstəricidən aşağı səviyyədə qalıb. Şirkətlərin növbəti 12 ay üçün iqtisadi perspektivlərlə bağlı gözləntiləri isə may ayından bəri ən aşağı həddə enib.

S&P Global Market Intelligence-in baş iqtisadçısı Kris Uilyamson bildirib ki, sorğu nəticələri Avrozona iqtisadiyyatının dördüncü rübün əvvəlində 0,3% artım tempinə uyğun dinamika nümayiş etdirdiyini göstərir.

Onun sözlərinə görə, əvvəlki üç ay ərzində satışlarda müşahidə olunan inamlı artımdan sonra yeni sifarişlərin axını demək olar ki, dayanma nöqtəsinə qədər zəifləyib.

Qeyd edək ki, məlumatlar 12–27 oktyabr 2026-cı il tarixlərində Avrozonanın səkkiz ölkəsində fəaliyyət göstərən təxminən 5 000 özəl şirkət arasında keçirilmiş sorğunun nəticələrinə əsaslanır.

MONETAR.AZ