Borcluların qiymətli kağızlarına həbs qoyulması qaydası dəyişdi

 Borcluların qiymətli kağızlarına  həbs qoyulması

Azərbaycanda borcluların mülkiyyətində olan qiymətli kağızlara həbs qoyulması və həmin aktivlərə tələbin yönəldilməsi mexanizmi müəyyənləşib. Monetar.az xəbər verir ki, Prezident İlham Əliyev “İcra haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Qanuna əlavə edilən yeni 46.1-ci maddəyə əsasən, icra məmuru borclunun özündə aşkar etdiyi sənədli qiymətli kağızı dərhal götürəcək. Qiymətli kağızın götürüldüyü gündən gec olmayaraq onun üzərinə həbs qoyulması barədə qərar qəbul ediləcək.

Qərarın surəti mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndəriləcək. Borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağızlar, eləcə də mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızlar barədə rəsmi məlumat əldə edildikdə də icra məmuru həmin gündən gec olmayaraq həbs qərarı qəbul etməlidir.

Dəyişikliyə əsasən, borclunun qiymətli kağızlarına həbs qoyulması həmin aktivlərə sərəncam vermək və onlar üzrə ödənişləri qəbul etmək hüququnu icra sənədinin icrası üçün zəruri olan məbləğ və həcmdə məhdudlaşdıracaq.

Lakin mühüm istisna da nəzərdə tutulub. Tələbin məbləğinə və həcminə uyğun olaraq bölünməsi mümkün olmayan qiymətli kağızlar üzrə sərəncam hüququ bütövlükdə məhdudlaşdırılacaq. Başqa sözlə, borcun məbləği qiymətli kağızın dəyərindən az olsa belə, həmin qiymətli kağızın bölünməsi mümkün deyilsə, onun üzərinə bütövlükdə həbs qoyula bilər.

Qanuna əsasən, borclunun qiymətli kağızları barədə məlumatların əldə edilməsi, onların üzərinə həbs qoyulması və tələbin həmin aktivlərə yönəldilməsi ilə bağlı tədbirlər “Elektron icra” informasiya sistemi vasitəsilə təşkil ediləcək.

Bununla yanaşı, “Qiymətli kağızlar bazarı haqqında” qanuna da yeni qaydalara uyğunlaşdırma xarakterli dəyişikliklər edilib.