2027-ci ildə dövlət büdcəsinin kəsirinin artacağı proqnozlaşdırılır

2027-ci ildə dövlət büdcəsinin kəsirinin

2027-ci ildə Azərbaycanın dövlət büdcəsi kəsirinin əvvəlki illə müqayisədə artacağı gözlənilir. Kəsirin maliyyələşdirilməsində isə əvvəlki illərdə olduğu kimi, əsasən borclanma mənbələrindən istifadə olunacağı proqnozlaşdırılır.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Palata sədri qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində kəsirin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən 140 milyon manat daxilolma nəzərdə tutulub. Bu, 2026-cı il üçün proqnozlaşdırılan göstəricidən 15 milyon manat və ya 12% çoxdur.

Vüqar Gülməmmədovun sözlərinə görə, cari ilin ilk 9 ayında dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 122,1 milyon manat vəsait daxil olub. Bu məbləğ illik proqnozun 97,7%-nə bərabərdir.

O, həmçinin özəlləşdirmə üzrə hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlərin qalığı barədə məlumat verib. Bildirilib ki, cari ilin ilk 6 ayı ərzində həmin borcun qalıq məbləği 7 milyon manat azalaraq 79,6 milyon manata düşüb.