Reuters agentliyinin məlumatına görə, Avropanın bir neçə ölkəsində supermarketlərə qarşı həyata keçirilən kiberhücumlar nəticəsində soyuducu və dondurucu kameraların temperatur rejimi dəyişdirilərək sistemlərin sıradan çıxmasına səbəb olub.
Hadisələr noyabrın 2-nə keçən gecə Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada yerləşən onlarla supermarketdə eyni vaxtda qeydə alınıb. Hücumların “Delhaize”, “Spar”, “SuperValu”, “ICA” və digər ərzaq şəbəkələrinin mağazalarına təsir göstərdiyi bildirilir.
İsveçdə “ICA” şəbəkəsinə məxsus mağazalardan birinin nümayəndəsi bildirib ki, kiberhücum nəticəsində soyuducu və donduruculardakı temperatur göstəricisi 50 dərəcəyə qaldırılıb. Bu isə məhsulların saxlanma şəraitinin pozulmasına və soyutma sistemlərinin normal fəaliyyətinin dayanmasına səbəb olub.
Bunun ardınca İsveç Milli Kiberhesablaşma Mərkəzinin rəhbəri Con Billou ölkə üzrə ərzaq mağazalarının soyuducu sistemləri ilə bağlı bir neçə insidentin araşdırıldığını açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Fransada da yüzlərlə ərzaq mağazası oxşar kiberhücumlara məruz qalmışdı. Hazırda baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürən qrup və ya şəxs yoxdur. Hücumların arxasında kimin dayandığı və hansı məqsədlə həyata keçirildiyi də hələlik məlum deyil.
MONETAR.AZ