Azərbaycanda çay istehsalı artır

Azərbaycanda çay

Azərbaycanda 2025-ci ildə çay istehsalında artım qeydə alınıb. Ötən il ölkə üzrə bütün təsərrüfat kateqoriyalarında 1,2 min ton çay istehsal edilib. Bu göstərici 2024-cü illə müqayisədə 12,1% çoxdur.

Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya əsasən xəbər verir ki, ötən il çay plantasiyalarının ümumi əkin sahəsi 0,9 min hektar, bar verən yaşda olan sahəsi isə 0,8 min hektar təşkil edib. Bir hektardan orta məhsuldarlıq 14,3 sentner olub.

Təsərrüfat kateqoriyaları üzrə bölgüyə nəzər saldıqda, 2025-ci ildə kənd təsərrüfatı müəssisələrində 0,43 min ton çay istehsal edildiyi məlum olur. Bu müəssisələrin çay əkinlərinin sahəsi 0,6 min hektar, bar verən plantasiyaların sahəsi 0,5 min hektar, məhsuldarlıq isə hektara 7,7 sentner təşkil edib.

Fərdi sahibkarların, ailə kəndli və ev təsərrüfatlarının istehsalı isə 0,77 min ton olub. Bu kateqoriyada əkin sahəsi 0,3 min hektar, bar verən sahə də 0,3 min hektar təşkil edib. Məhsuldarlıq hektara 27,4 sentnerə çatıb.

Məlumatlar göstərir ki, 2025-ci ildə çay istehsalının əsas hissəsi fərdi sahibkarların, ailə kəndli və ev təsərrüfatlarının payına düşüb. Eyni zamanda, bu təsərrüfatlarda hər hektardan əldə olunan məhsuldarlıq kənd təsərrüfatı müəssisələrindəkindən xeyli yüksək olub.