Monetar.az xəbər verir ki, ortamüddətli makroiqtisadi proqnozlara əsasən, Azərbaycanın ümumi daxili məhsulunun həcmi 2027-ci ildə 141 milyard manat, 2030-cu ildə isə 169,1 milyard manat təşkil edəcək.
Bu artımın əsas hissəsinin qeyri-neft sektorunun hesabına formalaşacağı gözlənilir. Belə ki, qeyri-neft-qaz ÜDM-inin 2027-ci ildəki 109,1 milyard manatdan 2030-cu ildə 138,6 milyard manata yüksələcəyi proqnozlaşdırılır. Üç il ərzində artım 29,5 milyard manat və ya 27 faiz olacaq.
Neft-qaz sektorunda isə fərqli mənzərə gözlənilir. Bu sahə üzrə ÜDM-in 2027-ci ildə 31,9 milyard manat, 2030-cu ildə isə 30,5 milyard manat olacağı proqnozlaşdırılır. Yəni qeyri-neft sektorunun genişləndiyi dövrdə neft-qaz sektorunun nominal həcmi də azalacaq.
İqtisadi artımın tempi yüksələcəkmi?
İqtisadiyyat Nazirliyi 2027–2030-cu illərdə ümumi ÜDM-in orta illik real artımını 3,3 faiz, qeyri-neft-qaz ÜDM-inin artımını isə 4,4 faiz səviyyəsində proqnozlaşdırır.
Proqnozlarda ümumi iqtisadi artımın 2027-ci ildə 2,7 faiz, 2028-ci ildə 2,6 faiz olacağı, sonrakı illərdə isə yüksələcəyi nəzərdə tutulur. Neft-qaz sektorunda isə real ifadədə azalma gözlənilir. Xüsusilə 2027–2030-cu illərdə bu sahə üzrə artım tempinin mənfi olması qeyri-neft sektorunun ümumi iqtisadi artımdakı rolunu daha da artıracaq.
Burada diqqətçəkən məqam odur ki, iqtisadiyyatın böyüməsi ilə yanaşı, onun strukturu da dəyişəcək. 2030-cu ildə qeyri-neft sektorunun ÜDM-də payının 82 faizə çatması nəzərdə tutulur.
Əsas məsələ qeyri-neft sektorunun ixrac potensialıdır
Qeyri-neft sektorunun iqtisadiyyatda payının artması müsbət göstəricidir. Ancaq bu artımın keyfiyyəti də vacibdir. Çünki daxili bazarda istehlak və dövlət xərcləri hesabına yaranan iqtisadi artım ölkənin xarici gəlirlərini eyni səviyyədə artırmaya bilər.
Bu baxımdan, qarşıdakı illərdə əsas məsələ qeyri-neft sektorunun təkcə ÜDM-də payını artırmaq deyil, həm də ixrac qabiliyyətini genişləndirmək, yeni istehsal sahələri yaratmaq və özəl investisiyaların iqtisadiyyatda rolunu gücləndirmək olacaq.
İqtisadiyyat Nazirliyinin proqnozlarında neftin bir barelinin 2027-2030-cu illərdə orta ixrac qiymətinin 65 dollar götürülməsi də diqqət çəkir. Bu fərziyyə fonunda neft sektorunun iqtisadiyyatda payının azalması və qeyri-neft sahələrinin genişlənməsi Azərbaycanın ortamüddətli iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi görünür.