Azərbaycanın 2027-ci il üzrə dövlət büdcəsində kəsirin maliyyələşdirilməsində əsas yük borclanmanın üzərinə düşəcək. Gələn il üçün proqnozlaşdırılan 3 milyard 166 milyon manatlıq büdcə kəsirinin 2 milyard 751 milyon manatının borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Monetar.az xəbər verir ki, bu barədə 2027-ci il dövlət büdcəsinin layihəsində qeyd olunub. Beləliklə, büdcə kəsirinin 86,9 faizi borclanma, 8,7 faizi vahid xəzinə hesabının qalığı, 4,4 faizi isə özəlləşmədən daxilolmalar hesabına bağlanacaq.
Proqnozlara əsasən, 2025-ci ilin sonunda 25 milyard 987,5 milyon manat olan dövlət borcunun 2026-cı ilin sonunda 26 milyard 953,2 milyon manata, 2027-ci ilin sonunda isə 28 milyard 590,9 milyon manata çatacağı gözlənilir. 2027-ci ildə dövlət borcu əvvəlki ilin sonu ilə müqayisədə 1 milyard 637,7 milyon manat artacaq. Dövlət borcunun ÜDM-ə nisbətinin isə 20,3 faiz olacağı proqnozlaşdırılır.
Müqayisə üçün qeyd edək ki, 2026-cı il iyulun 1-nə dövlət borcunun ÜDM-ə nisbəti 18,2 faiz təşkil edib. Bununla belə, 20,3 faizlik göstərici dövlət borcunun ÜDM-ə nisbəti üzrə müəyyən edilmiş 30 faizlik yuxarı həddən aşağıdır.
Sənəddə qeyd olunur ki, dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici borcun ümumi dövlət borcundakı payının mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi nəzərdə tutulur. Daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi həm büdcə kəsirinin maliyyələşdirilməsində, həm də borcun strukturunun dəyişdirilməsində istifadə olunur.
2027-ci ildə də daxili bazarda dövlət qiymətli kağızlarının emissiyası ilə yanaşı, beynəlxalq maliyyə institutlarından layihələrin maliyyələşdirilməsi üçün kreditlərin cəlb edilməsi planlaşdırılır.