Hər 100 manatın 70 manatı qeyri-neft sektorundan gələcək

Hər 100 manatın 70 manatı

Azərbaycanın 2027–2030-cu illər üzrə dövlət büdcəsi proqnozlarında diqqətçəkən məqam qeyri-neft gəlirlərinin artması, neft-qaz gəlirlərinin və Dövlət Neft Fondundan transfertlərin isə azalmasıdır. Bununla belə, gəlirlərdəki artım xərclərin dinamikasını üstələmir. Nəticədə növbəti illərdə büdcə kəsirinin də artacağı gözlənilir.

Monetar.az-ın təhlilinə görə, 2027-ci ildən 2030-cu ilədək dövlət büdcəsinin ümumi gəlirləri 39 milyard 234 milyon manatdan 40 milyard 577 milyon manata yüksələcək. Artım cəmi 1 milyard 343 milyon manat və ya 3,4 faiz təşkil edəcək.

Ancaq gəlirlərin tərkibində daha ciddi dəyişiklik baş verəcək. Belə ki, qeyri-neft-qaz gəlirləri 2027-ci ildəki 23 milyard 754 milyon manatdan 2030-cu ildə 28 milyard 337 milyon manata çatacaq. Bu, 4 milyard 583 milyon manat və ya 19,3 faiz artım deməkdir.

Nəticədə qeyri-neft gəlirlərinin büdcə gəlirlərində payı 60,5 faizdən 69,8 faizə yüksələcək. Başqa sözlə, 2030-cu ildə büdcəyə daxil olan hər 100 manatın təxminən 70 manatının qeyri-neft-qaz sektorunun hesabına formalaşması proqnozlaşdırılır.

Neft gəlirlərində azalma davam edəcək

Qeyri-neft gəlirlərinin artdığı bir vaxtda neft-qaz sektorundan daxilolmalar üzrə əks istiqamətdə dəyişiklik gözlənilir. Proqnozlara əsasən, neft-qaz gəlirləri 2027-ci ildə 15 milyard 480 milyon manat olacaq. 2028-ci ildə bu rəqəmin 14 milyard 190 milyon manata, 2029-cu ildə 13 milyard 210 milyon manata, 2030-cu ildə isə 12 milyard 240 milyon manata enəcəyi gözlənilir.

Beləliklə, üç il ərzində neft-qaz gəlirləri 3 milyard 240 milyon manat və ya 20,9 faiz azalacaq. Dövlət Neft Fondundan büdcəyə transfertlərdə də azalma nəzərdə tutulur. 2027-ci ildə 11 milyard 900 milyon manat proqnozlaşdırılan transfertlərin həcmi 2030-cu ildə 9 milyard 350 milyon manata düşəcək. Bu, 2 milyard 550 milyon manat və ya 21,4 faiz azalma deməkdir.

Bu rəqəmlər göstərir ki, dövlət büdcəsinin neft gəlirlərindən və Neft Fondundan asılılığının azaldılması istiqamətində dəyişiklik davam edəcək. Lakin neft-qaz sektorunun büdcə gəlirlərindəki əhəmiyyəti hələ də yüksək olaraq qalacaq.

Xərclər gəlirlərdən daha sürətlə artır

Büdcənin xərc tərəfində isə artım davam edir. 2027-ci ildə 42 milyard 400 milyon manat nəzərdə tutulan xərclərin 2030-cu ildə 44 milyard 236,5 milyon manata çatacağı proqnozlaşdırılır. Üç il ərzində artım 1 milyard 836,5 milyon manat və ya 4,3 faiz olacaq.

Maraqlı məqam ondan ibarətdir ki, eyni dövrdə büdcə gəlirləri cəmi 3,4 faiz artacaq. Yəni xərclərin artım tempi gəlirlərin artımını üstələyəcək.

Xərclərin strukturunda da dəyişiklik gözlənilir. Cari xərclər 2027-ci ildəki 26,4 milyard manatdan 2030-cu ildə 27 milyard 736,5 milyon manata yüksələcək. Əsaslı xərclər isə əksinə, 13,8 milyard manatdan 13,5 milyard manata enəcək.

Beləliklə, qarşıdakı illərdə cari xərclərin artması, əsaslı xərclərin isə müəyyən qədər azalması nəzərdə tutulur.

Borc öhdəliklərinə ayrılan vəsait artır

Diqqətçəkən digər göstərici dövlət borclarına xidmət xərcləridir. Bu istiqamətdə 2027-ci ildə 2,2 milyard manat vəsait nəzərdə tutulduğu halda, 2030-cu ildə məbləğin 3 milyard manata çatacağı proqnozlaşdırılır.

Başqa sözlə, borca xidmət xərcləri üç il ərzində 800 milyon manat və ya 36,4 faiz artacaq.

Bu artım ümumi büdcə xərclərinin artım tempindən xeyli yüksəkdir. Borc öhdəliklərinə xidmət üçün daha çox vəsait ayrılması gələcək illərdə büdcənin digər istiqamətləri üzrə maliyyə imkanlarına da təsir edə biləcək amillərdən biridir.

Büdcə kəsiri 3,7 milyard manata yaxınlaşır

Gəlir və xərclər arasındakı fərqin artması büdcə kəsirinin də genişlənməsinə səbəb olacaq.

2027-ci ildə 3 milyard 166 milyon manat proqnozlaşdırılan kəsirin 2028-ci ildə 3 milyard 342 milyon manata, 2029-cu ildə 3 milyard 554,1 milyon manata, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı gözlənilir.

Beləliklə, 2027-ci illə müqayisədə 2030-cu ildə büdcə kəsiri 493,5 milyon manat və ya 15,6 faiz çox olacaq.

Müqayisə üçün qeyd edək ki, 2026-cı il üzrə təsdiq olunmuş büdcə kəsiri 3 milyard 94,6 milyon manatdır.

Büdcədə əsas dəyişiklik nədir?

Proqnozlardan görünür ki, qarşıdakı illərdə Azərbaycanın dövlət büdcəsində iki fərqli proses paralel gedəcək: qeyri-neft gəlirləri artacaq, neft gəlirləri isə azalacaq. Bu, gəlirlərin strukturunun dəyişməsi baxımından müsbət tendensiyadır.

Ancaq digər tərəfdən, büdcə xərclərinin gəlirlərdən daha sürətlə artması, borca xidmət yükünün yüksəlməsi və kəsirin genişlənməsi fiskal dayanıqlılıq məsələsini gündəmdə saxlayır.

Əsas sual isə budur: qeyri-neft sektorundan daxilolmaların artımı gələcəkdə neft gəlirlərinin azalmasını nə dərəcədə kompensasiya edə biləcək və büdcə xərclərinin artımını hansı həddə qədər maliyyələşdirmək mümkün olacaq?