Tut istehsalı azalıb: ən böyük geriləmə Naxçıvandadır

 Tut istehsalı azalıb: ən böyük geriləmə

Azərbaycanda tut istehsalının həcmi son illərdə azalma tendensiyası nümayiş etdirib. 2025-ci ildə ölkə üzrə 14 225,6 ton tut istehsal olunub ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 250,1 ton və ya 8,1% azdır.

Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı" Statistik Məcmuəsi 2026-ya əsasən xəbər verir ki, 2022-ci ildə Azərbaycanda 15 475,7 ton tut istehsal edilib. 2023-cü ildə bu rəqəm 14 437,8 tona, 2024-cü ildə isə 14 484 tona bərabər olub. Ötən il istehsal yenidən azalaraq 14 225,6 tona düşüb.

2025-ci ilin nəticələrinə görə, tut istehsalında ilk yeri 3 063 ton göstərici ilə Qarabağ iqtisadi rayonu tutub. Bu, ölkə üzrə ümumi istehsalın təxminən 21,5%-ni təşkil edir.

İkinci yerdə 2 456,7 tonla Qazax-Tovuz iqtisadi rayonu qərarlaşıb. Şəki-Zaqatala iqtisadi rayonunda 1 434,6 ton, Quba-Xaçmaz iqtisadi rayonunda 1 404,3 ton, Lənkəran-Astara iqtisadi rayonunda isə 1 285,2 ton tut istehsal olunub.

Mərkəzi Aran iqtisadi rayonunun payına 1 005,2 ton, Mil-Muğan iqtisadi rayonunun payına 1 021,4 ton, Dağlıq Şirvan iqtisadi rayonunun payına 745,4 ton düşüb.

2022–2025-ci illərdə ən nəzərəçarpan geriləmə Naxçıvan iqtisadi rayonunda qeydə alınıb. Burada tut istehsalı 2 034 tondan 779,2 tona enib. Beləliklə, dörd il ərzində azalma 1 254,8 ton və ya 61,7% təşkil edib.

Mil-Muğan iqtisadi rayonunda da istehsal əhəmiyyətli dərəcədə azalıb. 2022-ci ildə 1 397,8 ton olan göstərici 2025-ci ildə 1 021,4 tona düşüb. Bu, 26,9%-lik geriləmə deməkdir.

Mərkəzi Aran iqtisadi rayonunda istehsal 1 078,5 tondan 1 005,2 tona, Şəki-Zaqatala iqtisadi rayonunda isə 1 451,2 tondan 1 434,6 tona enib.

Bununla yanaşı, bəzi bölgələrdə müsbət dinamika müşahidə olunub. Quba-Xaçmaz iqtisadi rayonunda tut istehsalı 2022-ci ildəki 1 186,6 tondan 2025-ci ildə 1 404,3 tona yüksəlib. Lənkəran-Astara iqtisadi rayonunda da göstərici 1 241,3 tondan 1 285,2 tona çatıb.

2025-ci ildə ölkənin ayrı-ayrı rayonları arasında ən yüksək istehsal göstəriciləri Ağcabədi, Tərtər, Qazax və Tovuz rayonlarında qeydə alınıb. Belə ki, Ağcabədidə 1 137,8 ton, Tərtərdə 823,4 ton, Qazaxda 850 ton, Tovuzda isə 922 ton tut istehsal edilib.

Digər diqqətçəkən göstəricilər arasında Cəlilabad rayonunda 936 ton, Şəki rayonunda 718,6 ton, Şəmkirdə 524,2 ton və Gəncə şəhərində 33,2 ton istehsal yer alır.

Ümumilikdə, 2025-ci ilin göstəriciləri Azərbaycanda tut istehsalının 2022-ci illə müqayisədə azaldığını göstərir. Bununla yanaşı, istehsalın regionlar üzrə bölgüsündə Qarabağ və Qazax-Tovuz iqtisadi rayonları aparıcı mövqelərini qoruyur.