Kənd təsərrüfatının texnika ilə təminatı yaxşılaşıb

Kənd təsərrüfatının texnika ilə təminatı

Azərbaycanda kənd təsərrüfatının texnika ilə təminatı son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. 2025-ci ildə hər 1000 hektar əkin sahəsinə düşən traktorların sayı 27,3-ə çatıb. Halbuki 2015-ci ildə bu göstərici 7,7 olub.

Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya əsasən xəbər verir ki, 2025-ci ildə bir traktora düşən əkin sahəsi 37 hektar təşkil edib. 2015-ci ildə isə bu rəqəm 129 hektar olub. Beləliklə, son 10 ildə bir traktora düşən əkin sahəsinin həcmi təxminən 71% azalıb.

Kombaynlarla təminat göstəricilərində də müxtəlif bitki növləri üzrə dəyişikliklər qeydə alınıb. 2025-ci ildə hər 1000 hektar taxıl əkin sahəsinə 3,5 kombayn düşüb. Bu göstərici 2024-cü ildə 3,3, 2015-ci ildə isə 0,7 olub.

Kartof yığan kombaynların sayı 1000 hektar əkin sahəsinə görə 2025-ci ildə 1,5 təşkil edib. Müqayisə üçün, 2015-ci ildə bu göstərici cəmi 0,1 olub. Şəkər çuğunduru yığan kombaynlarla təminat isə 2025-ci ildə 20,5-ə bərabər olub. Bu rəqəm 2023-cü ildə 31,3, 2024-cü ildə 21,9 təşkil edib.

Qarğıdalı yığan kombaynların hər 1000 hektar əkin sahəsinə düşən sayı 2025-ci ildə 0,1 olub. Pambıq yığan kombaynlar üzrə isə göstərici 5,4 təşkil edib.

Bir kombayna düşən əkin sahəsinin həcmi də bitkilər üzrə fərqlənir. 2025-ci ildə bir taxılyığan kombayna 288 hektar, qarğıdalıyığan kombayna 6799 hektar, kartofyığan kombayna 681 hektar, şəkər çuğunduru yığan kombayna 49 hektar, pambıqyığan kombayna isə 187 hektar əkin sahəsi düşüb.

Traktorların digər kənd təsərrüfatı texnikası ilə təchizatı üzrə göstəricilərə gəldikdə, 2025-ci ildə hər 100 traktora 15 kotan, 4 kultivator, 10 taxıl-toxum səpən maşın və 5 otbiçən düşüb.

Müqayisə göstərir ki, 2015-ci illə müqayisədə traktor və kombaynlarla təminatın bir sıra göstəricilərində ciddi irəliləyiş var. Bununla yanaşı, 2025-ci ildə bəzi kombayn növləri üzrə təminatın əvvəlki illə müqayisədə azalması da diqqət çəkir.