“iPhone Duo” smartfonunun Çin və ABŞ bazarları üçün nəzərdə tutulmuş versiyalarının müqayisəli sökülməsi cihazların daxili konstruksiyasında fərqləri üzə çıxarıb. Videonu hazırlayan müəllifin iddiasına görə, Çin versiyasında peyk rabitəsi, 6 QHz diapazonunda Wi-Fi və 25 Vt gücündə “MagSafe” simsiz şarjı üçün nəzərdə tutulan bəzi komponentlər mövcud deyil.
Mövzu ilə bağlı müzakirələr hər iki bazar üçün buraxılmış modellərin daxili quruluşunu müqayisə edən videonun yayımlanmasından sonra başlayıb.
“Apple”ın texniki mütəxəssisləri müxtəlif ölkə və regionlar üçün nəzərdə tutulan cihaz versiyalarının fərqli ehtiyat hissələri ilə təchiz oluna biləcəyini bildiriblər. Bununla belə, şirkət konkret komponentlərin siyahısını açıqlamayıb və videoda irəli sürülən iddialara münasibət bildirməyib.
Qeyd olunan funksiyaların Çində istifadəyə verilməsi yerli normativ tələblərdən asılıdır. Bununla yanaşı, smartfonun Çin versiyasında UWB — ultra-genişzolaqlı rabitə texnologiyasının olmadığı barədə yayılan iddialar rəsmi texniki xüsusiyyətlərlə uyğun gəlmir. Belə ki, “iPhone Duo”nun Çin versiyası ikinci nəsil ultra-genişzolaqlı rabitə çipi ilə təchiz edilib.