Cənubi Koreya səhmlərdə marja ticarəti qaydalarını yumşaldıb

Cənubi Koreya səhmlərdə marja ticarəti

Cənubi Koreyanın maliyyə tənzimləyiciləri fond bazarında kütləvi məcburi satışların qarşısını almaq məqsədilə marjinal kreditlər üzrə girov təminatı tələbini üç ay müddətinə müvəqqəti yumşaldıblar. Qərar KOSPI indeksinin 5 000 bənddən aşağı düşdüyü və bazarda kəskin enişin qeydə alındığı bu gün qəbul edilib.

Yeni tədbir çərçivəsində broker şirkətləri üçün marjinal kreditləşmə üzrə tətbiq edilən 140%-lik girov təminatı normativinin fəaliyyəti üç ay müddətinə dayandırılıb. Bu addım brokerlərə investorların girov tələblərini idarə etməkdə daha geniş çeviklik verir.

Tənzimləyicilərin əsas məqsədi borc vəsaitləri hesabına əməliyyat aparan investorların üzləşdiyi təzyiqi azaltmaq, kütləvi marjin-koll bildirişlərinin və mövqelərin məcburi bağlanması hallarının qarşısını almaqdır.

Qərar maliyyə naziri Li Hyon İlin sədrliyi ilə keçirilən fövqəladə iclasda qəbul olunub. Toplantıda Maliyyə Xidmətləri Komissiyasının (FSC), Maliyyə Nəzarəti Xidmətinin (FSS) və Koreya Bankının (BOK) nümayəndələri iştirak ediblər. Hökumət bazarda yüksək dəyişkənliyin davam edəcəyi təqdirdə əlavə dəstək tədbirlərinin də nəzərdən keçiriləcəyini bildirib.

Bu gün ticarət sessiyasının əvvəlində Cənubi Koreyanın əsas fond indeksi KOSPI 8,8% ucuzlaşaraq son doqquz ayda ilk dəfə 5 000 bənddən aşağı enib. Kəskin eniş fonunda birjada ticarət 20 dəqiqə müddətinə tam dayandırılıb.

Satış təzyiqinin əsas hissəsi ölkənin aparıcı yarımkeçirici istehsalçılarının səhmlərində cəmləşib. Xüsusilə “Samsung Electronics” və “SK Hynix” qiymətli kağızları bazardakı enişin önündə yer alıb.

Cənubi Koreya bazarında baş verən kəskin ucuzlaşma əvvəlki gecə Uoll-Stritdə müşahidə olunan satış dalğasının davamı kimi qiymətləndirilir.

İnvestorların narahatlığı əsasən süni intellekt sektoruna yönəldilən böyük həcmli investisiyaların gəlirliliyinin nə dərəcədə təmin olunacağı və məlumat mərkəzlərinin tikintisi ilə bağlı mümkün tənzimləmə məhdudiyyətləri ətrafında cəmləşib. Bu qeyri-müəyyənlik texnologiya şirkətlərinin səhmlərinə təzyiq göstərərək qlobal bazarlarda riskdən yayınma meylini gücləndirib.

MONETAR.AZ