Aqrar Sığorta Fondunun təşkil etdiyi təlim proqramını uğurla başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün keçiriləcək test imtahanına qeydiyyat noyabrın 10-u saat 18:00-dək davam edəcək.
İmtahan 18 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50) və Gəncə şəhərindəki Vaqif Əliyev adına 12 saylı orta məktəbdə kompüter vasitəsilə elektron formada təşkil olunacaq.
İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə Mərkəzin internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və 10 noyabr saat 18:00-dək “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər qeydiyyatdan əvvəl “Şəxsi kabinet”lərinin pul hesabına imtahan üçün tələb olunan məbləği əlavə etməlidirlər. Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən şəxslərin ödədiyi vəsait geri qaytarılmır.
Test imtahanı Aqrar Sığorta Fondunun təşkil etdiyi təlim proqramının məzmununa uyğun açıq və qapalı tipli tapşırıqlardan ibarət olacaq. İştirakçılar maksimum 60 bal toplaya bilərlər.
İmtahanda 36 və daha yüksək bal qazanan namizədlər müvəffəqiyyət əldə etmiş hesab olunacaqlar. Bu şəxslərə aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü təqdim ediləcək.