Dövlət İmtahan Mərkəzi (DİM) İmtahanların təşkili və idarəedilməsi departamentinin İmtahanların logistikası və imtahan rəhbərləri ilə iş sektorunda məsləhətçi vəzifəsi üzrə işçi axtarışına başlayıb.
Vakansiya üzrə əsas vəzifələrə imtahan rəhbərlərinin məlumatlarının toplanması, yoxlanılması və elektron bazaya daxil edilməsi, məlumat bazasının yenilənməsi, yeni imtahan rəhbərlərinin seçilməsi və imtahanlara cəlb olunması daxildir.
Namizəd, həmçinin imtahan rəhbərlərinin imtahanlar üzrə bölgüsünü və fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirməli, imtahanların təşkili üçün zəruri məlumatları əvvəlcədən hazırlamalı, resursların səmərəli bölüşdürülməsini planlaşdırmalıdır.
Vəzifə öhdəliklərinə imtahan rəhbərlərinin təlimatlandırılması, metodiki materiallarla təmin olunması, imtahan materiallarının aidiyyəti bölmələrdən qəbul edilməsi və imtahan binalarına təhlükəsiz şəkildə çatdırılmasının təşkili də daxildir.
Bundan başqa, məsləhətçi daxil olan məlumat və tapşırıqları araşdırmalı, aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görməli, imtahanlar zamanı baş verən halları təhlil edərək proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməlidir. Vakansiya üzrə əməkdaşın DİM-in keçirdiyi imtahan, müsahibə və digər tədbirlərdə də iştirakı nəzərdə tutulur.
Vakansiyaya müraciət etmək istəyən şəxslər ali təhsilə və ən azı bir il iş təcrübəsinə malik olmalıdırlar. Azərbaycan dilini yüksək səviyyədə, ingilis və rus dillərinin hər birini isə minimum B1 səviyyəsində bilmək tələb olunur.
Namizədlərdən MS Windows və MS Office proqramları, elektron məlumat bazaları və informasiya sistemləri ilə işləmək bacarığı da gözlənilir. Analitik düşünmə, ünsiyyət, planlaşdırma və təşkilatçılıq qabiliyyəti, komandada işləmək, məsuliyyətlilik, dəqiqlik və detallara diqqət əsas tələblər sırasındadır.
Namizədlər 15 noyabr 2026-cı il tarixinədək https://portal.dim.gov.az/HR/ linkinə daxil olaraq “imtahanlar sektoru - məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.