Fransada cari il üzrə şərab istehsalı proqnozu artırılıb

Fransada cari il üzrə şərab istehsalı

Fransa Kənd Təsərrüfatı Nazirliyi 2026-cı ildə ölkədə şərab istehsalı ilə bağlı proqnozunu yüksəldib. Belə ki, əvvəlki hesablamalarda 34,9 milyon hektolitr nəzərdə tutulduğu halda, yeni qiymətləndirməyə əsasən, istehsalın 36,7 milyon hektolitrə çatacağı gözlənilir.

Proqnozun artırılması yay aylarında qeydə alınan yüksək temperatur və quraqlığın üzüm məhsuldarlığına təsirlərinin daha dəqiq qiymətləndirilməsindən sonra mümkün olub.

İstehsal göstəricisinin yaxşılaşmasında əsas pay Fransanın ümumi şərab istehsalının təxminən yarısını təmin edən Langedok-Russilyon və Şaranta regionlarına məxsusdur. Bu ərazilərdə məhsuldarlıq ilkin gözləntiləri üstələyib.

Nazirliyin hesabatında Şampan və ölkənin Cənub-Şərq regionlarında da məhsuldarlığın ümumi istehsal proqnozuna müsbət təsir göstərdiyi bildirilir.

MONETAR.AZ