2026-cı ildən etibarən səhiyyə sahəsində dövlət proqramlarının maliyyələşdirilməsinin dövlət büdcəsi əvəzinə icbari tibbi sığorta mexanizmi vasitəsilə həyata keçirilməsi istiqamətində başlanan yanaşma 2027-ci ildə də davam etdiriləcək.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bir neçə komitəsinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, məqsədli tədbirlər istisna olmaqla, səhiyyə xərclərinin funksional təsnifat üzrə köməkçi bölməsindəki dəyişikliklər növbəti il üçün fərqli meyarlar əsasında proqnozlaşdırılıb.
Vüqar Gülməmmədov qeyd edib ki, Hesablama Palatası səhiyyə bölməsi ilə bağlı bir sıra təkliflər hazırlayaraq Maliyyə Nazirliyinə təqdim edib. Bu təkliflərin nəzərə alınması səhiyyə xərclərinin dövlət büdcəsində vahid büdcə təsnifatına daha uyğun formada əks etdirilməsinə imkan verəcək.
Palata sədrinin bildirdiyinə görə, 2027-ci ildə əvvəlki illərdə bu istiqamət üzrə nəzərdə tutulmayan bəzi xərclər də proqnoza daxil edilib. Belə ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası layihələrinin maliyyələşdirilməsi üçün 11,6 milyon manat, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellekt və innovasiya layihələri üzrə isə 7,2 milyon manat vəsait ayrılması planlaşdırılır.