İcbari tibbi sığorta fondunun 2027-ci il üzrə gəlirlərinin 2 milyard 257 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı il üçün təsdiqlənmiş göstəricidən 281,2 milyon manat və ya 14,2% çoxdur.
Gəlirlərin 50,6%-nin, yəni 1 milyard 142 milyon manatının icbari tibbi sığorta haqları hesabına formalaşacağı gözlənilir. Bu mənbədən daxilolmaların cari ilin müvafiq göstəricisi ilə müqayisədə 141,6 milyon manat və ya 14,2% artacağı nəzərdə tutulur.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bir neçə komitəsinin birgə iclasında məlumat verib.
Nazir bildirib ki, icbari tibbi sığorta haqları üzrə daxilolmaların 63,4%-i qeyri-büdcə sektorunun payına düşəcək. Əhalinin dövlət büdcəsi hesabına icbari tibbi sığortalanması üçün isə 2027-ci ildə fonda büdcədən 1,1 milyard manat ayrılması planlaşdırılır. Bu məbləğ cari illə müqayisədə 200 milyon manat və ya 22,2% çoxdur.
2027-ci ildə İcbari Tibbi Sığorta Fondunun ümumi xərclərinin 2 milyard 980 milyon manat təşkil edəcəyi gözlənilir. Bunun 2 milyard 565 milyon manatı tibb müəssisələrinə icbari tibbi sığorta ödənişlərinə və tibb heyətinin əməkhaqqı xərclərinə yönəldiləcək.
Bundan başqa, səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün 185 milyon manat ayrılması nəzərdə tutulur. Tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, eləcə də rəqəmsal infrastrukturun qurulmasına 105 milyon manat yönəldiləcək.
Aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişləri və əlilliyi olan şəxslərin dərman preparatları ilə təminatı üçün isə 59 milyon manat vəsait planlaşdırılır.
Anar Əliyev, həmçinin 2027-ci ildə imtiyazlı şəxslərin mənzil, avtomobil və reabilitasiya vasitələri ilə təminatı proqramlarının davam etdiriləcəyini bildirib.
Onun sözlərinə görə, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 milyon manat ayrılması planlaşdırılır.
Tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, eləcə də əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün isə 30 milyon manatdan artıq vəsait nəzərdə tutulub.