Azərbaycanda sənaye zonalarında indiyədək 22,6 milyard manat dəyərində məhsul satılıb. Bu məhsulun 7,1 milyard manatlıq hissəsi xarici bazarlara ixrac edilib. Eyni zamanda, sahibkarlar sənaye zonalarına 7,3 milyard manata yaxın investisiya yatırıb, nəticədə 11,8 min daimi iş yeri yaradılıb.
Bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin bir neçə komitəsinin birgə iclasında məlumat verib.
Nazir müavininin sözlərinə görə, təkcə cari ilin ilk doqquz ayında daha 29 müəssisə sənaye zonalarının rezidenti statusunu əldə edib.
Anar Axundov, həmçinin dağ-mədən və metallurgiya sahələri üzrə 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramına toxunub. Bildirib ki, proqramın əsas hədəfləri təbii ehtiyatların ölkə daxilində emalını genişləndirmək və yüksək əlavə dəyərə malik məhsulların ixracını artırmaqdır.