Məktəblərin payı azalır, idarəetmənin payı artır: Təhsil büdcəsində nə baş verir?

Məktəblərin payı azalır, idarəetmənin payı artır:
2027–2030-cu illərdə Azərbaycanda təhsil xərclərinin ümumi həcminin 246,8 milyon manat artırılması nəzərdə tutulur. Lakin büdcə proqnozlarının təhlili göstərir ki, artım təhsilin bütün pillələrini əhatə etməyəcək. Ən böyük maliyyə artımı idarəetmə sisteminin təkmilləşdirilməsi və maddi-texniki təminat istiqamətində gözlənilir.

2027-ci il və sonrakı üç il üçün büdcə xərclərinin proqram təsnifatına əsasən, təhsil sektoruna 2027-ci ildə 5 milyard 193,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. 2030-cu ildə bu məbləğin 5 milyard 440,4 milyon manata çatacağı gözlənilir. Beləliklə, 4 il ərzində təhsil xərcləri 4,8 faiz artacaq.

Ən böyük artım idarəetmə və maddi-texniki təminata yönələcək

Büdcə proqnozlarında diqqətçəkən əsas məqamlardan biri təhsil sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və maddi-texniki təminat xərclərinin əhəmiyyətli dərəcədə artırılmasıdır. Belə ki, 2027-ci ildə bu istiqamətə 584,8 milyon manat ayrılması nəzərdə tutulur. 2028-ci ildə vəsait 629 milyon manata, 2029-cu ildə 848,1 milyon manata, 2030-cu ildə isə 848,7 milyon manata çatdırılacaq. Nəticədə 2027-ci illə müqayisədə 2030-cu ildə bu istiqamət üzrə xərclər 263,9 milyon manat və ya 45,1 faiz artacaq.

Xüsusilə 2029-cu il üzrə proqnoz diqqət çəkir. Həmin il idarəetmə və maddi-texniki təminat xərclərinin birdən-birə 219,1 milyon manat artırılması nəzərdə tutulur. Maraqlıdır ki, bu istiqamət üzrə dördillik artım təhsil sektorunun ümumi xalis büdcə artımından da çoxdur. Bu isə əlavə maliyyələşmənin əsasən hansı istiqamətdə cəmləşəcəyini göstərir.

Ümumi təhsilin büdcəsi azalacaq

Təhsil sektorunda ən böyük xərc istiqaməti olan ümumi təhsil üzrə isə artım deyil, azalma proqnozlaşdırılır. 2027-ci ildə ümumi təhsil üçün 2 milyard 953,5 milyon manat vəsait nəzərdə tutulub. 2030-cu ildə bu məbləğin 2 milyard 934,9 milyon manata enəcəyi gözlənilir. Beləliklə, dörd il ərzində ümumi təhsil xərcləri 18,6 milyon manat və ya 0,6 faiz azalacaq.

Bununla belə, ümumi təhsil büdcənin ən böyük istiqaməti olaraq qalacaq. 2030-cu ildə təhsil sektoruna ayrılan ümumi vəsaitin təxminən 54 faizi bu proqramın payına düşəcək.

Məktəbəqədər təhsildə də azalma gözlənilir

Məktəbəqədər təhsil üzrə büdcə proqnozları da diqqət çəkir. 2027-ci ildə bu sahəyə 485,5 milyon manat ayrılması nəzərdə tutulduğu halda, 2030-cu ildə vəsaitin 473,5 milyon manata qədər azalacağı gözlənilir.

Dörd il ərzində azalma 12 milyon manat və ya 2,5 faiz təşkil edəcək. Beləliklə, həm məktəbəqədər, həm də ümumi təhsil üzrə xərclərin azalması proqnozlaşdırılır.

Ali və peşə təhsilində artım məhdud olacaq

Ali təhsil üzrə xərclərin 2027-ci ildəki 787,9 milyon manatdan 2030-cu ildə 800 milyon manata yüksəlməsi gözlənilir. Dördillik artım 12,1 milyon manat və ya 1,5 faiz təşkil edəcək.

Peşə təhsilinə ayrılan vəsait isə 107,1 milyon manatdan 110,5 milyon manata çatdırılacaq. Bu, 3,2 faizlik artım deməkdir. Orta ixtisas təhsili üzrə isə əks tendensiya müşahidə olunur. 2027-ci ildə 121,1 milyon manat nəzərdə tutulan xərclərin 2030-cu ildə 119,9 milyon manata enəcəyi proqnozlaşdırılır.

Rəqəmsallaşmaya ayrılan vəsait dəyişməyəcək

Təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində isə növbəti illərdə ciddi maliyyə artımı nəzərdə tutulmur. Bu proqram üzrə 2027-ci ildə 74,8 milyon manat, 2030-cu ildə isə 74,7 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Yəni dördillik dövrdə maliyyələşmə faktiki olaraq eyni səviyyədə qalacaq.

İnsan kapitalının inkişafı və kadrların peşəkar fəaliyyətinin stimullaşdırılması üzrə xərclər 69,8 milyon manatdan 69,2 milyon manata, təhsil sahəsində tətbiqi tədqiqatlara ayrılan vəsait isə 7,5 milyon manatdan 7,2 milyon manata enəcək.

Xarici ölkələrin nüfuzlu universitetlərində Azərbaycanşünaslığın təşviqi üçün hər il 1,254 milyon manat, təhsil sahəsində nəzərdə tutulmuş ehtiyat vəsait üçün isə 500 min manat ayrılması planlaşdırılır.

Əsas artım 2029-cu ildə qeydə alınacaq

Ümumi göstəricilərə nəzər saldıqda, təhsil büdcəsində ən böyük illik artımın 2029-cu ildə baş verəcəyi görünür. Həmin il sektor üzrə xərclər 2028-ci illə müqayisədə 230,3 milyon manat artaraq 5 milyard 428,2 milyon manata çatacaq.

Bu artımın əsas hissəsi idarəetmə və maddi-texniki təminat xərclərinin yüksəlməsi ilə bağlıdır.

Ümumilikdə, 2027–2030-cu illər üçün büdcə proqnozları təhsil sektorunda maliyyələşmənin artacağını, lakin vəsaitlərin istiqamətlər üzrə bölgüsündə ciddi dəyişikliklərin baş verəcəyini göstərir. Xüsusilə idarəetmə və maddi-texniki təminata ayrılan vəsaitin 45 faizdən çox artırılması diqqət çəkir.

Burada əsas məsələ əlavə maliyyənin hansı layihələrə yönəldiləcəyi və bu xərclərin təhsilin keyfiyyətinə, infrastrukturuna və idarəetmənin səmərəliliyinə necə təsir edəcəyidir.

MONETAR.AZ