2025-ci ildə Azərbaycanda 23 meşə yanğını hadisəsi qeydə alınıb. Yanğınlar ümumilikdə 14 hektar ərazini əhatə edib. Bu, 2024-cü illə müqayisədə hadisələrin sayının bir vahid, zərər çəkmiş ərazinin isə 0,7 hektar azalması deməkdir.
Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən bildirir ki, ötən il yanğınların 6,4 hektarı meşə ilə örtülü sahələrdə, 7,6 hektarı isə ağac-kol bitkiləri olmayan açıq ərazilərdə baş verib.
Yanğınların növlərinə görə bölgüsündə aşağı yanğınlar üstünlük təşkil edib. Belə ki, 13,8 hektar ərazidə aşağı yanğınlar, 0,2 hektar sahədə isə yuxarı yanğınlar qeydə alınıb.
2025-ci ildə meşə yanğınlarının əhatə etdiyi 14 hektar ərazinin hamısı dağlıq və dağətəyi zonaların payına düşüb. Düzənlik ərazilərdə isə yanğın hadisəsi qeydə alınmayıb.
Yanğınlar nəticəsində kökü üstündə yanmış ağacların həcmi 22,5 kubmetr təşkil edib. Dəymiş zərərin məbləği isə 0,9 min manat olub.
Müqayisə üçün bildirək ki, 2024-cü ildə ölkədə 22 meşə yanğını baş vermiş, 14,7 hektar ərazi zərər görmüşdü. Həmin il yanğın nəticəsində 18 kubmetr ağac yanmış, 2,1 min manat məbləğində ziyan qeydə alınmışdı.
Son altı ilin statistikası meşə yanğınlarının əhatə etdiyi ərazinin illər üzrə kəskin dəyişdiyini göstərir. Ən genişmiqyaslı yanğınlar 2022-ci ildə qeydə alınıb. Həmin il 66 hadisə nəticəsində 869,2 hektar ərazi yanğına məruz qalıb. Bu, 2020–2025-ci illər üzrə ən yüksək göstəricidir.
2021-ci ildə isə 41 yanğın hadisəsi 380,1 hektar sahəni əhatə edib. Sonrakı illərdə yanğınların əhatə etdiyi ərazi əhəmiyyətli dərəcədə azalıb.
