2025-ci ildə Azərbaycanın meşə fondu torpaqlarında ümumilikdə 7,4 min hektar ərazidə meşəbərpa tədbirləri həyata keçirilib. Bu göstərici 2024-cü illə müqayisədə 0,1 min hektar azdır.
Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən xəbər verir ki, hesabat ilində 1,2 min hektar sahədə meşə əkini və səpini aparılıb. 6,2 min hektar ərazidə isə təbii bərpaya kömək göstərilib. Beləliklə, meşəbərpa tədbirlərinin ümumi sahəsində meşə əkini və səpini işlərinin payı 16,2 faiz təşkil edib. 2024-cü ildə bu göstərici 20,2 faiz olub.
2025-ci ildə meşə fondu ərazilərində 1 785 hektar sahədə torpaq hazırlığı işləri görülüb. Bunun 1 386 hektarı mexaniki üsulla həyata keçirilib.
Bundan başqa, tinglik sahələrində 333 min ədəd toxumcuq əkilib, çilik kökləndirmə sahələrində isə 127 min ədəd çilik basdırılıb.
Məlumat üçün bildirək ki, 2025-ci ildə meşə təsərrüfatlarının sayı 15 olub. 2024-cü ildə bu rəqəm 14 təşkil edib.
