Təbii su hövzələrinə buraxılan balıq körpələrinin sayı azalıb

Təbii su hövzələrinə buraxılan balıq körpələrinin

Azərbaycanda kommersiya əhəmiyyətli balıq növlərinin təbii su hövzələrinə və su anbarlarına buraxılan körpələrinin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə kəskin azalıb.

Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən nəzərə çatdırır ki, 2025-ci ildə su hövzələrinə ümumilikdə 2 milyon 782 min balıq körpəsi buraxılıb. 2024-cü ildə bu göstərici 5 milyon 774 min təşkil edib. Beləliklə, bir il ərzində buraxılan balıq körpələrinin sayı 2 milyon 992 min ədəd və ya təxminən 51,8% azalıb.

2025-ci ildə buraxılan balıq körpələrinin əsas hissəsini bitki ilə qidalanan balıqlar təşkil edib. Bu kateqoriya üzrə göstərici 2 milyon 416 min ədəd olub. Eyni zamanda, su hövzələrinə 344 min çəkikimi balıq, 22 min nərəkimi balıq körpəsi buraxılıb.

2024-cü ildə isə göstəricilər daha yüksək olub. Həmin il təbii su hövzələrinə 5 milyon 23 min bitki ilə qidalanan balıq, 710 min çəkikimi və 41 min nərəkimi balıq körpəsi buraxılmışdı.

Statistika göstərir ki, 2020–2025-ci illərdə balıq körpələrinin su hövzələrinə buraxılması üzrə rəqəmlər dəyişkən olub. 2023-cü ildə 8 milyon 960 min körpə buraxılaraq bu dövrün ən yüksək göstəricisi qeydə alınıb. 2022-ci ildə isə ümumi say 4 milyon 446 min təşkil edib.

2003-cü ildə təbii su hövzələrinə 455 milyon 924 min, 2010-cu ildə 436 milyon 583 min, 2015-ci ildə isə 396 milyon 2 min balıq körpəsi buraxıldığı göstərilir. Həmin illərdə balıqların növ tərkibində çəkikimilərlə yanaşı, qızılbalıq və bitki ilə qidalanan balıqlar da yer alıb.

Qeyd edək ki, balıq körpələrinin təbii su hövzələrinə və su anbarlarına buraxılması balıq ehtiyatlarının artırılması və su bioresurslarının qorunması baxımından əhəmiyyət daşıyır.