Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçəcək

Avtovağzal və avtostansiyalar  gücləndirilmiş

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar ölkə üzrə bütün avtovağzal və avtostansiyalar noyabrın 6-dan 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bayram günlərində sərnişinlərin nəqliyyat xidmətləri ilə fasiləsiz və keyfiyyətli təmin olunması məqsədilə avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar ünvanlanıb. Tapşırıqlara əsasən, şəhərlərarası və rayonlararası marşrutlarda sərnişindaşıma həyata keçirən daşıyıcılar təhlükəsiz və fasiləsiz hərəkəti təmin etməli, biletlərin kassalarda müəyyən edilmiş tariflərə uyğun satışı qaydalarına əməl etməli, avtobusların təsdiqlənmiş qrafik üzrə hərəkətini təşkil etməlidirlər.

Eyni zamanda, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi tələb olunub.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) sərnişin axını nəzərə alınaraq marşrutlar üzrə avtobusların hərəkət intervallarına və sürücülərin təhlükəsizlik qaydalarına riayət etməsinə xüsusi nəzarət ediləcək. Tələbat artacağı təqdirdə xətlərə əlavə avtobuslar buraxılacaq.

Vətəndaşlar şəhərlərarası və rayonlararası səfərlər üçün biletləri avtovağzalların kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn əldə edə bilərlər.

Hazırda portal üzərindən 61 məntəqədən 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə ümumilikdə 379 reys və 426 nəqliyyat vasitəsi qoşulub.

AYNA sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və mənzil başına daha rahat çatmaq üçün biletləri onlayn qaydada əldə etməyi tövsiyə edir.