Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi – “AIREX 2026” çərçivəsində tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən 5 yerli şirkət xidmətlərini vahid stenddə təqdim edir.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə yaradılan stenddə ziyarətçilərə yerli şirkətlərin xidmətləri, həyata keçirdikləri layihələr və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilir. Burada, həmçinin memarlıq və tikinti sahəsində tətbiq olunan həllər nümayiş etdirilir.
Stenddə potensial tərəfdaşlarla əlaqələrin qurulması və işgüzar danışıqların aparılması məqsədilə xüsusi görüş zonası da təşkil olunub.
Qeyd edək ki, “AIREX 2026” daşınmaz əmlak, investisiya, tikinti və şəhərsalma sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətləri, investorları, eləcə də dövlət qurumlarını bir araya gətirir. Sərgi noyabrın 6-dək davam edəcək.